Bakının Müşfiqabad qəsəbəsində əhaliyə satış məqsədilə nəzərdə tutulmuş at və eşşək əti aşkarlanıb

Bakının Müşfiqabad qəsəbəsinin Güzdək yaşayış massivindəki 2 mənzildə at və eşşək əti aşkar olunub.



Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında deyib ki, at və eşşək əti Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri tərəfindən aşkarlanıb. Onun sözlərinə görə, həmin həyətlərə Abşeron rayonun hüquq mühafizə orqanları ilə birlikdə daxil olunub, 2 mənzildən 600 kiloqrama yaxın at və eşşək əti götürülüb. Y. Xanvəli qeyd edib ki, götürülən ətlərdən laborator nümunələr götürülərək müayinə olunacaq və daha sonra müvafiq qərar qəbul ediləcək: “Bizə bu barədə dünən axşam məlumat daxil olub və Dövlət Baytarlıq Xidmətinin vasitəsilə obyektdəki məhsullar götürülüb. Həmin ətlər sümükdən çıxarılıb, qablaşdırılıb, hazır vəziyyətə gətirilib. Onlar xüsusi sellofan torbalarda bir neçə obyektin adı yazılmış halda aşkarlanıb. Çox güman ki, bu ətlər əhaliyə satış məqsədi üçün nəzərdə tutulub. Hüquq-mühafizə orqanları lazımi araşdırmalar aparacaq, ətin haradan gətirilməsi və harada satılması açıqlanacaq”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri