Səhiyyə Nazirliyi məktəblilərin qidalanması qaydalarını açıqlayıb

Səhiyyə Nazirliyi məktəblilərin qidalanması qaydalarını açıqlayıbSəhiyyə Nazirliyi Azərbaycanda məktəblilərin qidalanması qaydalarını açıqlayıb. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, qaydalarda uşaq və yeniyetmələr üçün sağlam qidalanmanın əsas prinsipləri Ümumdünya Səhiyyə Təşkilatının qidalanmaya dair tövsiyələrinə əsasən işıqfor prinsipi üzrə qurulub: "Yaşıl rəngdə göstərilən qidalara məhdudiyyət qoyulmamalıdır ki, bunlara da kəpəkli çörək, yarmalar, sutka ərzində 400 qramdan az olmayan meyvə və tərəvəz daxildir. Sarı rəngdə olan qidalara ət, balıq, süd məhsulları: balıq (yağlı/yağsız) növləri, süd məhsulları, ət və toyuq (yağsız) daxildir. Qırmızı rəngdə göstərilən qidalardan şəkər, yağ, şirniyyat məhsullarından isə çəkinmək lazımdır".

Qeyd olunub ki, sağlam qidalanmanın əsaslarına riayət edilməməsi məktəbli və yeniyetmələrdə diqqətin itməsi, bədən çəkisinin normadan çox və ya az olması, zəiflik və həddən artıq yorğunluq, yaddaşın və düşünmə qabiliyyətinin zəifləməsi, immunitetin aşağı düşməsi, çəki artması və piylənmə kimi problemlərə gətirib çıxarır: "Məktəblilərin rasionunda beynin funksiyası üçün yumurta, düyü, noxud, qaraciyər, yulaf, yağsız kəsmik, soya, sinir sistemi üçün pendir, balıq, süd, yağ, meyvələr, yaddaş üçün yağsız mal əti, toyuq, sarı pendir, dəniz məhsulları, görmə itiliyi üçün yerkökü, turşəng, ərik, alma, pomidor, şirin bibər və balıq, enerji üçün yarmalar (qarabaşaq, manna, düyü), üzüm, kartof, kələm, meyvələr, sümük və əzələlərin inkişafı üçün soya, pendir, balıq lobya, süd kəsmik, çörək, tərəvəzlər mütləq olmalıdır. Əsas qida qəbulları arasında 200 qram meyvə və 200 qram tərəvəz yemək qida maddələrinin defisitinin qarşısını alır".



Uşaqlara sutka ərzində nə qədər kalori tələb olunduğu da açıqlanıb. Belə ki, 3-6 yaş uşaqlarda 1900 qida kalorisi (kkal), 7-11 yaşda 2300 kkal, 11-14 yaşda 2500 kkal, 14-18 yaşda isə 3000 kkal tələb edilir.

Uşaq və yeniyetmə orqanizminin suya olan gündəlik tələbatı isə belədir: 4-8 yaşlı uşaqlar gündəlik 5 stəkan, 9-13 yaşlı uşaqlar 7-8 stəkan, 14-18 yaşlı uşaqlar isə gündəlik 8-11 stəkan su qəbul etməlidirlər.



Qida qəbulunda yalnız aclıq hissi olduqda yemək, qidanı gündə 4-5 dəfə kiçik porsiyalarla qəbul etmək, hər bir yemək tikəsini yaxşıca çeynəmək, həddən artıq qida qəbul etməmək, müxtəlif cür qidalar qəbul etmək, gün ərzində suya olan tələbatı (2-2,5 litr) təmin etmək, şirin qazlaşdırılmış sular içməmək, yemək yeyərkən televiziyaya baxmamaq, yazı oxumamaq və ya çətin problemlərin həllindən danışmamaq kimi əsas qaydalara riayət etmək lazımdır.


Qeyd edək ki, məktəblinin qidalanmasına dair Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.2.1-ci bəndinə uyğun olaraq buklet hazırlayaraq çap edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri