DÇ-2018: Braziliya yığması final mərhələsinə vəsiqə qazanan ilk komanda olub
- 29.03.2017, 14:52,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2018-ci il dünya çempionatının final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib. APA-nın məlumatına görə, mundiala ev sahibi kimi qatılacaq Rusiyadan sonra Braziliya da planetin ən nüfuzlu futbol turnirində oynamaq hüququ qazanıb.
“Sambaçılar” buna DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsinin XIV turunda nail olub. Titonun yetirmələri turnirin sonuna 4 tur qalmış Rusiyaya birbaşa vəsiqə verən 4 pillədən birini təmin edib.
Paraqvay üzərində 3:0 hesablı qələbə qazanan Neymar və komanda yoldaşları xal hesabını 33-ə çatdırıb. Onlar ən yaxın izləyicisini 9 xal qabaqlayır. Düzdü, 5-ci olan Argentina da Braziliyanı keçmək imkanına malikdi. Amma Uruqvayla Argentinanın öz arasında da oyunu qaldığından pentakampeonlar ən pis halda, 3 komandanı önə buraxacaq. Bu isə ilk 4 yerdən birinin təmin olunması anlamına gəlir.
Lionel Messisiz Argentina isə işini daha da çətinə salıb. Onlar autsayderlərdən olan Boliviyaya uduzmaqla 5-ci yerə enib. Bu yer isə mundiala deyil, pley-offa vəsiqə verir. Birbaşa vəsiqə üçün argentinalılar Kolumbiya, Uruqvay və Çili ilə mübarizə aparmalıdı. Lakin Ekvador, hətta Peru ilə Paraqvay da mundiala vəsiqə üçün sonadək savaşmağa çalışacaq. İki autsayder - Boliviya və Venesuela isə hətta pley-offda oynamaq şanslarını da itirib.
DÇ-2018-in seçmə mərhələsi
Cənubi Amerika zonası
XIV tur
Boliviya – Argentina – 2:0
Ekvador – Kolumbiya – 0:2
Çili – Venesuela – 3:1
Braziliya – Paraqvay – 3:0
Peru – Uruqvay – 2:1