BNA: Sərnişindaşıma sistemi plansız şəkildə qurulub
- 30.03.2017, 01:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda sərnişindaşıma sistemi planlı şəkildə qurulmadığı üçün müəyyən çətinliklər var. Bakı Nəqliyyat Agentliyi (BNA) bu çətinlikləri planlı şəkildə aradan qaldırmaq niyyətindədir". Bunu BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.
"Biz hazırda analizlərimizi davam etdiririk. Hazırda demoqrafik vəziyyət, şəhərsalma və onların gələcək perspektivləri analiz olunur. Paytaxtda və Bakıətrafı qəsəbələrdə marşrut xətləri buna müvafiq olaraq salınır", - deyə o qeyd edib.
Bakıda 57 sərnişin daşıyıcısının olduğunu diqqətə çatdıran BNA rəhbəri bildirib ki, onlardan 17-si hüquqi, qalanları isə fiziki şəxslərdir. "Sadaladığım daşıyıcıların yalnız 4-ün qarajı var. Digərlərində qaraj və istehsalat bazası yoxdur. Biz ilkin mərhələdə utilizasiya proqramını təşviq edirik. Yəni mərhələ-mərhələ avtobusları dəyişəcəyik. Bu asan proses deyil. Bütün ölkələrdə bu proses 2-3 il vaxt alır. İlkin mərhələdə şəhərin mərkəzin xətlərinə yeni avtobuslar gətiriləcək, ardınca bu xətlərdəki avtobuslar şəhərin kənarında istifadə olunacaq. Burada yol amilini də unutmaq olmaz. Məsələn, bizə bəzi qəsəbələrdən müraciətlər daxil olur. Lakin həmin ərazilərin infrastrukturu bizə maneə yaradır. Məsələn, bəzi yerlərdə iki darvaza arasında məsafə heç 7 metr deyil. Utilizasiya proqramı məhz bu məsələlərin həlli üçün hazırlanır", - deyə V. Kərimli bildirib.
Baş direktorun sözlərinə görə, hal-hazırda Bakı şəhərində 2100 avtobus var, onlardan 2048-i fərqlənmə nişanı alıb: "Fərqlənmə nişanı almayan avtobusların hərəkət etməsi ilə bağlı məlumatlarımız var. Bununla bağlı müvafiq orqanlara müraciət etmişik. Bakı şəhəri üçün 2100 avtobus çoxdur. Bu, əlavə tıxaclara, sürücü arasında mənasız qovhaqovlara səbəb olur. "Bakı Kart"ın tətbiqi ilə bu daşıyıcılar vahid sistemə daxil olduqdan sonra sürücü "plan" deyil, aylıq əmək haqqı əsasında çalışacaq. Bu gün 1 avtobusu 2,3 əmsalı ilə sürücü idarə etməlidirsə, hazırda bu göstərici 1-ə bərabərdir. Biz çalışırıq ki, bu işləri mərhələli şəkildə həll edərək nə sahibkara, nə də sərnişinə ziyan vurmayaq. Bir çox marşrutların hərəkət istiqamətində 85%-dən çox təkrarlanma var. Bundan başqa, yarımçıq xətlər mövcuddur ki, vətəndaş bir yerdən başqasına getmək üçün iki marşrut dəyişir. Bir çox problemlər kompleks şəkildə analiz olunandan sonra bu proqrama başlanılacaq".
APA