BP “Şahdəniz-2” mərhələsi çərçivəsində layihələrə 15 milyard dollar xərcləyib

BP “Şahdəniz-2” mərhələsi çərçivəsində layihələrə 15 milyard dollar xərcləyib"Çox məmnunam ki, bu vəzifəyə təyin olunmuşam. Azərbaycandakı biznesimiz BP-nin portfelində çox mühüm yer tutur. Bundan əvvəlki vəzifəmdə BP-nin dünya üzrə qrupların rəhbəri olanda da bilirdim ki, Azərbaycanda bizim layihələrimiz yüksək səviyyədə idarə olunur. Sözsüz ki, öz işimi mən də bu təcrübənin üzərində quracağam".

Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti, hazırda isə BP-nin istehsal, transformasiya və karbon üzrə əməliyyat direktoru təyin olunan Qordon Birrel bu gün keçirilən brifinqdə deyib.

Ötən ilin göstəricilərindən danışan Q. Birrel deyib ki, 2016-cı ildə BP üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib. "Ötən il Azəri-Çıraq-Günəşli yatağından orta hesabla 630 min barel neft hasil olunub. Şahdəniz yatağından isə qaz hasilatı gündəlik 1,03 mlrd. kubfut, kondensat hasilatı isə 55 min barel olub. 1997-ci ildən bu günə qədər 3 milyard bareldən artıq neft hasil olunub. Bilirsiniz ki, bu yataq çox məhsuldar yataqdır. Buradan qaz hasilatı bir neçə on illiklər də davam edəcək. Lakin təbii olaraq hasilat səviyyəsi aşağı düşdüyündən biz operator olaraq çalışırıq ki, yeni quyular daha tez qazılsın ki, laylarda hasilat gücünün aşağı düşməsini idarə edə bilək", - deyə Q. Birrel qeyd edib.

O əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarına 3500 tankerlik neft ixrac olunub ki, bunun da çox hissəsi AÇQ-dən hasil olunub: “Hal-hazırda Azəri-Çıraq-Günəşlidə məşəldə gündəlik qazın yanmasını dayandırmışıq. Yalnız ehtiyac olduqda, fövqəladə hallarda, profilaktik işlər zamanı qaz yandırılır”.

Q.Birrel vurğulayıb ki, BP “Şahdəniz-2” mərhələsi çərçivəsində layihələrə 15 milyard dollar xərcləyib.


APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri