2020-ci ilədək çimərliklərə təmizlənməmiş kanalizasiya sularının axıdılmasının qarşısı alınacaq
- 31.03.2017, 10:24,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 2017-2020-ci illərdə çimərliklərdə ətraf mühitin mühafizəsinə dair kompleks tədbirlər həyata keçiriləcək.
Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi bu il çimərliklərin mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərini pozan hüquqi və fiziki şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlamalıdır. “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2017-2020-ci illərdə çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkilini təmin etməlidir. Bu müddət ərzində “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinə ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsinin təmin edilməsi tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyəti orqanları 3 il ərzində çimərliklərdə sanitariya-mühafizə zonalarının yaradılması və bu ərazilərdə həyata keçirilməsinə qanunla yol verilən fəaliyyət növləri ilə bağlı təkliflər verməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2017-2018-ci illərdə çimərliklərdə məişət tullantılarının idarə olunması mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.