Bakının “İnter” klubu avrokuboklara vəsiqə qazanıb

Bakının “İnter” klubu avrokuboklara vəsiqə qazanıb Azərbaycanın avrokuboklardakı daha bir təmsilçisi müəyyənləşib. “Qarabağ”la “Qəbələ”nin ardından Bakının “İnter” klubu da qitə kuboklarında yerini təmin edib.

Bu, ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları zamanı rəsmiləşib. “İnter” “Qəbələ”yə uduzub, mübarizəni dayandırsa da, ən azı Avropa Liqasında oynayacaq.

Buna isə “Neftçi” səbəb olub. Bakılılar “Qarabağ”la yarımfinal matçında mübarizəni dayandırmaqla, “İnter”in önündə “yaşıl işıq” yandırıb.

Məsələ ondadı ki, kubokun finalına “Qarabağ”la “Qəbələ” çıxıb. Bu iki komanda isə Premyer Liqada da ən yüksək yerlərdə qərarlaşıb və ilk “üçlük”də yerini təmin edib. Bu da həmin komandalara avrokuboklara vəsiqəni təmin etmək imkanı yaradıb.

Nəticədə çempionatda 4-cü yeri tutacaq komandanın Avropa Liqasına gedəcəyi dəqiqləşib. Kuboku kimin almasından və həmin klubun çempion olub-olmamasından asılı olmayaraq, 4-cü pillə sahibi ikinci dərəcəli qitə klub turnirinə yollanacaq.

“İnter” isə ən azı 4-cü yeri artıq təmin edib. Bürünc uğrunda “Zirə” ilə mübarizə aparan sabiq “bankirlər” ən pis halda 4-cü yerlə Avropaya gedəcək.

Bu isə o deməkdi ki, avrokuboklara yalnız bir vəsiqənin sahibi qeyri-müəyyən qalıb. Bu yerə də “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” iddia edir.

Qeyd edək ki, “İnter”in avrokuboklara vəsiqəsi rəsmiləşsə də, klubun qitə kuboklarında oynaması üçün lisenziya alması zəruridi. AFFA-nın Lisenziyalaşdırma Komissiyası bu sənədi verməzsə, çempionluq da onların işinə yaramayacaq.



APA
Şərhlər
İdman bölməsinin xəbərləri