CNN: ABŞ kəşfiyyatı suriyalı hərbçilərin kimyəvi hücuma hazırlıqla bağlı danışıqlarını ələ keçirib
- 13.04.2017, 14:46,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ kəşfiyyatı İdlibə kimyəvi silah hücumuna hazırlığı müzakirə edən suriyalı hərbçilərin və kimyəvi silah mütəxəssislərinin telefon danışıqlarını ələ keçirib.
Bu barədə CNN Donald Tramp administrasiyasının yüksək vəzifəli məmuruna istinadən xəbər yayıb. Bildirilir ki, həmin danışıqların detallarına əsasən İdlibə olan hücumun bütün məsuliyyətinin Suriya prezidenti Bəşər Əsədin üzərinə düşməsinə heç bir şübhə qalmır.
Adının açıqlanmasını istəməyən məmur deyib ki, ABŞ Suriya, İraq kimi ölkələrdən hər gün böyük həcmdə kəşfiyyat məlumatları toplayır, lakin adətən bu informasiyalar hər hansı konkret hadisə baş vermədikdə emal olunmur. “Bu mövzuda danışıqlar İdlibə kimyəvi hücumdan əvvəl ələ keçirilib. Lakin bu işə görə kimin məsuliyyət daşıdığını aydınlaşdırmaq üçün insidentdən sonra bu materiallar nəzərdən keçirilib. Ələ keçirilmiş materiallara əsasən bütün məsuliyyətin Bəşər Əsədin üzərinə düşməsinə heç bir şübhə qalmır”, - deyə vəzifəli şəxs söyləyib.
Qeyd edək ki, Suriyanın İdlib vilayətinin cənubundakı Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb, 500-dən çox insan xəsarət alıb.
APA.