Bu ilin yanvar-mart aylarında ölkə sənayesində 10 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2% artıb, neft sektorunda isə 8,3% azalıb. Sənaye məhsulunun 71,8%-i mədənçıxarma sektorunda, 22,6%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 9,9% azalıb, əmtəəlik qaz hasilatı isə 0,9% artıb. Emal sektorunda qida məhsullarının istehsalı 3,4%, içkilərin istehsalı 37,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 2 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,1%, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 42,4%, tikinti materiallarının istehsalı 50,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8%, kompüter və elektron məhsulların istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,9 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 24,7%, mebel istehsalı 56,5% artıb, tütün məmulatlarının istehsalı 58,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54%, kağız və karton istehsalı 3,3%, poliqrafiya məhsullarının istehsalı 63,8%, kimya sənayesi məhsullarının istehsalı 4,3%, hazır metal məmulatlarının istehsalı 21%, maşın və avadanlıqların istehsalı 42,4%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7% azalıb.