Komissiya üzvü: "Hacı Cavad məscidi ilə bağlı müxtəlif təkliflər var"

Bakının Yasamal rayonundakı Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün yaradılmış xüsusi komissiya məsciddə olub, məscidə gələn möminlərlə görüş keçirib.

Bu barədə APA-ya açıqlamasında xüsusi komissiyanın üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, görüş zamanı sakinlər prezident İlham Əliyevin məsələyə münasibətini İslama olan böyük diqqət kimi dəyərləndiriblər: "Komissiya tərəfindən məscidin texniki baxımdan müşahidəsi aparıldı, eyni zamanda möminlərlə görüş oldu. Məscidlə bağlı müxtəlif təkliflər var. Təkliflər sənəd halında təqdim olunacaq, Hacı Cavad məscidi ilə bağlı məsələ həmin təkliflər əsasında həllini tapacaq”.

M. Qurbanlı qeyd edib ki, komissiyada təmsil olunan qurumlar tərəfindən məscidlə bağlı verilən təkliflər müvafiq olaraq həmin qurumun sahəsinə aiddir: “Məsələn, bizim komitənin təklifləri hüquqi müstəvidə olan məsələləri əhatə edir. Qafqaz Müsəlmanları İdarəsinin təklifləri şəriət qaydalarına əsasən məscidin yerinin dəyişdirilib-dəyişdirilməməsini araşdırmaqdır. Fövqəladə Hallar Nazirliyinin rəsmiləri orada texniki ekspertiza keçirəcəklər, məscidin davamlılığı kimi məsələlərə baxılacaq. Yasamal Rayon İcra Hakimiyyəti ərazidə aparılan quruculuq işləri ilə bağlı məscidin yerinin dəyişdirilməsi məsələsini qoyur. Bütün bu təkliflər əsasında yekun rəy hazırlanacaq, lazımı addımlar atılacaq. Komissiyanın son rəyi ictimaiyyətə açıqlanaq”.

Komitə sədri bildirib ki, məqsədə uyğun olsa, məscid üçün yeni yer ayrılacaq və həmin yerdə bu məsciddən də böyük, daha təmtəraqlı, İslami dəyərlərə uyğun eyni adda məscid inşa olunacaq: “Bu bina sovetlər dövründə məscid kimi istifadə olunmayıb, orada müxtəlif idarələr yerləşib, arakəsmələr inşa edilib. Yekun qərardan asılı olaraq başqa yerdə məscidi tikən şəxsin adını daşıyan yeni məscid tikilə bilər. Ümumiyyətlə, söhbət zamanı da məscidə gələn möminlər onun yerinin dəyişdirilməsində heç bir problem görmədiklərini bildirirlər. Dünyanın bir çox müsəlman ölkəsində məscidlərin yerinin köçürülməsi praktikası olub. Məscidin yerini dəyişmək başqa şeydir, binanı sökmək başqa şey. Sökmək odur ki, söküb yerində heç nə tikmirsən, yerini dəyişdirmək isə odur ki, eyni adda və yeni formada başqa yerdə tikirsən”.

Hacı Cavad məscidində dini icmanın qeydiyyatı ilə bağlı məsələyə də aydınlıq gətirən M. Qurbanlı bildirib ki, həmin məscid müstəqilliyin ilk illərində ovaxtkı qayda ilə 10 nəfərlə Ədliyyə Nazirliyində qeydiyyata alınıb: “2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər ediləndən sonra isə yeni qaydaya uyğun olaraq hüquqi ünvan göstərilməklə, 50 nəfərin imzası ilə qeydiyyata alınmaq lazım idi. Həmin məscidin icması tərəfindən isə belə təşəbbüs olmayıb, axund da QMİ-dən təyin olunmayıb, qeyri-rəsmi fəaliyyət göstərib. Məscidlə bağlı qərar veriləndən sonra yeni yerdə təzədən fəaliyyət göstərən zaman icmanın qeydiyyatı da olacaq, məscidə rəsmi axund da təyin ediləcək”.

Qeyd edək ki, Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırlması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib.
Şərhlər
Sosial bölməsinin xəbərləri