Akademik Rusiya şirkəti Naftalan neftinə aid fikirlərinə sərt cavab

Akademik Rusiya şirkəti Naftalan neftinə aid fikirlərinə sərt cavab “Azərbaycanda müalicəvi neft yox səviyyəsindədir” deyən “Rosneftqaz”ın prezidentinə akademik Vaqif Abbasov cavab verib.


“Rosneftqaz”ın prezidenti Oleq Sitnikov “Rusiyanın regionları” jurnalında (№3(129), mart 2017) müsahibəsində bildirib ki, əvvəllər bu cür müalicəvi neft yalnız Azərbaycanda var idi. Həmin neftlə insanlar müalicə olunurdu. Hətta kurortlar da var idi, xaricilər də tez-tez səfər edirdilər.

Sitnikovun hazırda Azərbaycanda bu cür müalicəvi neftin yox səviyyəsində olması haqda dediyi fikirlər isə AMEA-da əks-sədaya səbəb olub.

AMEA NKPİ-nin direktoru, akademik Vaqif Abbasov Oleq Sitnikovun bu açıqlamasına münasibət bildirərək qeyd edib ki, qəribə də olsa Naftalan kurortu haqqında keçmiş zamanla danışılır: “Rosneftqaz” kimi nəhəng şirkətin prezidenti asanlıqla öyrənə bilərdi ki, Naftalan kurort şəhəri kimi SSRİ vaxtında olduğundan daha gözəldir və bu şəhərdə fəaliyyətdə olan təkcə “Çinar”, “Qaşaltı Naftalan” və “Qarabağ” müalicə-sağlamlıq mərkəzləri dünya standartlarına uygundur. Çox ehtimal ki, Rusiya Federasiyasında bu səviyyədə sanatoriyalar mövcud deyil”.

O.Sitnikov iddia edir ki, Yamal yatağında eksperiment aparılıb və müəyyən olunub ki, bu neft Azərbaycan neftindən heç də geri qalmır:

“Cənab Sitnikov bilmir ki, hələ sıxlığın, qaynama temperaturunun və s. bir-birinə yaxın olması müalicəvi əhəmiyyətli olmağı təsdiq edə bilməz. Hələ 1945-ci ildə dünya şöhrətli akademik Y.H.Məmmədəliyev göstərmişdi ki, Naftalan neftinin müalicəvi əhəmiyyəti onun tərkibində olan xüsusi quruluşlu naften karbohidrogenlərinin yüksək miqdarda olması ilə əlaqədardır. Sitnikov qeyd edir ki, faktiki olaraq Azərbaycanda bu neftin hasilatı yox səviyyəsindədir. Cənab Sitnikov gündə yüz və ya min tonlarla çıxarılan sənaye neftlərinə olan təlabat ilə müalicəvi neftə olan təlabatı qarışdırır. Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin ambarlarında kifayət qədər müalicəvi neft var və onun tələb olunan qədər çıxarılması davam edir”.

Akademik qeyd edib ki, müalicəvi Naftalan neftinin analoqlarını tapmağa cəhdlər olub (məsələn, Xorvatiyada), hətta tarixi faktları saxtalaşdırmaqla buna cəhd edilib. Aparılan araşdırmalar da sübut edib ki, müalicəvi Naftalan neftinin alternativi yoxdur və onun bənzərsiz müalicəvi əhəmiyyəti onlarla kimyəvi, tibbi və mikrobioloji tədqiqatlarla təsdiq olunub. Neft-Kimya Prosesləri İnsitutunda yaradılmış və 2014-cü ilin oktyabrın 23-də Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydə alınmış (DV №15-00133) Ağ Naftalan yağı bir çox xəstəliklərin müalicəsinə yol açdı və neftin qənaətlə istifadəsinə imkan verdi. Həmin müsahibədən sözügedən parçanı sizə təqdim edirik:

“Biz Nesterovla ora getmişdik. Məlum oldu ki, Azərbaycanda bu neftin hasilatı yox səviyyəsindədir. Buna baxmayaraq biz həmin neftin tərkibi barədə məlumat topladıq. Ardınca Yamal neft yatağında eksperimentlər həyata keçirdik. İnanın ki, bizim neft Azərbaycan məhsulundan heç də geri qalmır. Ardınca bir neçə tibbi tədqiqat apardıq və məlum oldu ki, neft həqiqətən də müalicəvidir. Məhz bundan sonra biz Seçenov adına İnstitutda müqavilə imzaladıq və neftin tərkibinin detallı şəkildə öyrənilməsinə başlanıldı. Burada da özünəməxsus bürokratiya var: neftin insanlara müalicəvi məhsul formasında çatdırılması üçün 10 il tələb olunur. Bunun hesabına, yəni idxal etmədən biz insanlarımızı müalicə edə bilərik. Lakin bu layihənin reallaşdırılması üçün prezidentin (Vladimir Putin-red.) göstərişi lazımdır. Bilirik ki, onun şəxsi iştirakı olmadan bizdə heç nə işləmir”.



Cebhe.info
Şərhlər
Sosial bölməsinin xəbərləri