Azərbaycan yol polisi avtomobil sahiblərinin narahatlığına aydınlıq gətirdi

Azərbaycan yol polisi avtomobil sahiblərinin narahatlığına aydınlıq gətirdi Azərbaycan yol polisi avtomobil sahiblərinin onlara bildiriş gəlmədən sonradan cərimə borcları olması barədə narahatlığı ilə bağlı məsələyə aydınlıq gətirib.


Qeyd edək ki, müraciət edən oxucuların bir qismi bildirirlər ki, bəzi hallarda avtomobillərin alqı-satqısı zamanı məlum olur ki, satışa çıxarılan avtomobil nə vaxtsa qayda pozuntusuna görə radara düşüb və buna görə ona cərimə yazılıb, lakin bu barədə avtomobil sahibinə heç bir bildiriş daxil olmayıb. Buna baxmayaraq, onlar alqı-satqı əməliyyatlarını həyata keçirə bilmirlər.


Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Kamran Əliyev Trend-ə bildirib ki, əgər radarla və müşahidə kamerası vasitəsilə avtomobilin hər hansı qayda pozuntusu aşkar edilirsə, onda avtomobil sahibinə bildiriş göndərilir və onlar izahat alınması üçün yol polisinə dəvət olunurlar: "O da ola bilər ki, həmin şəxslər ya bildirişi almırlar və ya qeydiyyatı üzrə ünvanda yaşamırlar, yaxud da bildiriş digər səbəblərdən onlara yetişməyib. Bu o demək deyil ki, həmin dəqiqə inzibati protokol tərtib edilir və həmin şəxs cərimə edildikdən sonra onun üstünə faiz gəlir. Sadəcə, əgər bildiriş avtomobil sahibinə çatmayıbsa, o zaman həmin şəxsin axtarışı üzrə məlumat verilir. Əgər bildiriş çatıbsa onda protokol həmin şəxsin iştirakı olmadan da tərtib edilə bilər".


Qayda pozuntusuna görə məsuliyyətə cəlb edilmənin hansı müddətə qüvvədə qalmasına gəlincə, şöbə rəisi qeyd edib ki, burada bir neçə amil nəzərə alınır: "Əgər qayda pozuntusunun üstündən 1 il müddət ötməyibsə, onda o qayda pozuntusuna görə həmin şəxs inzibati xətaya yol verdiyi vaxtdan barəsində inzibati protokol tərtib edilir. Avtomobil sahibi məsuliyyətə cəlb olunandan sonra o, istənilən proseduru, o cümlədən alqı-satqı əməliyyatlarını həyata keçirə bilər. Amma 1 ildən çox vaxt keçibsə və əgər protokol da yazılmayıbsa, artıq həmin şəxs məsuliyyətə cəlb edilə bilməz. Yox, əgər protokol yazılıbsa və onun cərimə olunması barədə qərar çıxarılıbsa, onda həmin qərar müddətsizdir. Yəni üstündən 5, 10, hətta 50 il də keçsə, cərimə həmin şəxsin üstündə qalacaq".
Şərhlər
Sosial bölməsinin xəbərləri