Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınma qaydaları dəyişdirilir

Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınma qaydaları dəyişdirilir Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınma qaydaları dəyişdirilir.

Bu barədə məsələ "Yol hərəkəti haqqında" qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələblər irəli sürülür. Qanuna əlavə edilməsi təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.

Təklif edilən dəyişikliyi Trend-ə şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, hazırkı qanunvericiliyə əsasən nəzərdə tutulub ki, Azərbaycanda avtomobil alınıb-satılarkən və yaxud da təzə və ya köhnə avtomobil xaricdən gətirilərkən təkrar və ya ilk dəfə dövlət qeydiyyatına alınması üçün texniki müayinədən keçirilir:

"Texniki müayinə odur ki, avtomobilin mühərrik, ban və şassi nömrələri, habelə rəngi tutuşdurulur və hər şey qaydasındadırsa, həmin avtomobil dövlət qeydiyyatına alınır. Ancaq avtomobil təkrar və ya ilk dəfə dövlət qeydiyyatına alınan zaman avtomobilin həm də texniki baxışdan keçirilməsi tələb olunur. Qanunda isə təkrar və ya ilk dəfə dövlət qeydiyyatına alınma zamanı texniki baxış məcburi olmadığı üçün sürücülər bu tələbə etiraz edirlər. Yeni dəyişikliyə əsasən isə, avtomobilin təkrar və ya ilk dəfə dövlət qeydiyyatı zamanı mühərrik, ban və şassi nömrələri, habelə rəng tutuşdurulmaqla yanaşı, texniki baxış da keçiriləcək. Qanuna təklif olunan bu dəyişikliyə əsasən, əgər avtomobil bu il texniki baxışdan keçirilməlidirsə və nəqliyyat vasitəsi satılan tarixə qədər keçirilməyibsə, bu halda polis texniki baxışdan keçirməyi də qanunla tələb edəcək".

Qeyd edək ki, təklif edilən dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.



Trend
Şərhlər
Sosial bölməsinin xəbərləri