SOCAR: "Abşeron" yatağında hasilat 2020-ci ilin əvvəlində başlaya bilər

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında hasilat 2019-cu ilin sonunda və ya 2020-ci ilin əvvəlində başlaya bilər. Bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bildirib.

"Düşünürəm ki, "Abşeron" yatağından ilk qazın hasilatı 2019-cu ilin sonunda - 2020-ci ilin əvvəlində başlaya bilər. Bu, optimal müddətdir. Bununla belə, 2019-cu il ən real müddət sayıla bilər. Çünki yatağın operatoru olan Fransanın "Total" şirkəti hasilatın ilk mərhələsində artıq SOCAR-ın mövcud olan infrastrukturundan istifadə edəcək", - deyə V.Bəylərbəyov qeyd edib.

O əlavə edib ki, hasilatın başlanılacağı müddətədək həyata keçirilməsi lazım olan infrastruktur işləri o qədər də böyük deyil: "Biz sadəcə ehtiyatlanaraq 2020-ci ili fokusda saxlayarıq".

Onun sözlərinə görə, perspektivdə "Abşeron" yatağından hasil olunan qaz Bakının Qaradağ rayonunda inşa ediləcək yeni neft-qaz emalı kompleksinə yönəldilə bilər: "Burada maye fraksiyaları emal olunaraq ayrılacaq, qazın özü isə daha sonra ixraca göndərilə bilər".



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri