Prezidentin köməkçisi: "Başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır"

"Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2014-cü illərdə dərin iqtisadi islahatlar davam etdirilib, Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə artan iqtisadiyyatlarından birinə çevrilib. Azərbaycan qısa müddətdə yüksək-orta gəlirli ölkəyə çevrilib, sosial-iqtisadi infrastruktur tamamilə yenilənib, qlobal rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerdə qərarlaşıb". Bu barədə Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun "Azərbaycan" qəzetində dərc edildiyi məqaləsində deyilir.

Onun sözlərinə görə, bu illər ərzində ölkə iqtisadiyyatı 6 dəfə böyüyüb, adambaşına düşən milli gəlir 5 dəfədən çox artıb: "Ölkədə qiymətlərin sabitliyi qorunub, xarici valyuta gəlirlərinin əhəmiyyətli artması nəticəsində böyük həcmdə strateji valyuta ehtiyatları formalaşdırılıb, milli valyutanın məzənnəsinin izafi möhkəmlənməsinə yol verilməməklə beynəlxalq rəqabət qabiliyyəti qorunub. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan artıq xaricə investisiya yatıran ölkəyə çevrilib".

Prezidentin köməkçisi qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində iki beşillik Dövlət Proqramı həyata keçirilib: "Proqramların icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3%-ə enib. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq investisiya qoyulub, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb".

N.Əmirov əlavə edib ki, bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 mlrd. manatdan artıq güzəştli dövlət kreditləri verilib və bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaradıb. "Dövlət büdcəsinin gəlirləri 14,2 dəfədən, vergi daxilolmaları 7,3 dəfədən, dövlət büdcəsinin xərcləri 13,9 dəfədən, əhalinin əmanətləri 24 dəfədən, bank aktivləri isə 18 dəfədən çox artıb. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83%, məşğulluqda isə 73,9%-dir".

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirmələrində öz əksini tapır. Belə ki, “Doing Business” hesabatına görə 2009-cu ildə ölkəmiz dünya ölkələri arasında “Ən islahatçı ölkə” kimi qiymətləndirilib.

"Cənab prezidentin rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilib", - deyə o bildirib.

N.Əmirov qeyd edib ki, Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olub və MDB ölkələri arasında birincilik mövqeyini saxlayıb: "BMT-nin İnsan İnkişafı Hesabatına əsasən isə Azərbaycan “İnsan inkişafı indeksi”nə görə yüksək insan inkişafı qrupunda yer alıb".

"Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir ölkə vətəndaşının rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda Azərbaycan prezidentinin dərin iqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub. Bu işlərin davamı olaraq 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilib", - deyə məqalədə qeyd edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri