Nazir: “22 ildə əsas kapitala 184 milyard manat investisiya yatırılıb”
- 01.05.2017, 11:26,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
1995-ci illə müqayisədə 2015-ci ildə ümumi daxili məhsul istehsalı real ifadədə 6,4 dəfə artıb, onun həcmi 1991-ci ildəki 0,5 milyon manatdan 2015-ci ildə 54 milyard manata, tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 2005-ci ilə nisbətən 13,4 faiz-bənd artaraq 69,3 faizə yüksəlib, özəl sektorun payı 1995-ci ilə nisbətən 51 faiz-bənd artaraq 81,2 faizə çatıb. APA xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, nəticədə Dünya Bankı tərəfindən ölkəmiz adambaşına milli gəlirinin həcminə görə 2005-ci ildə aşağı, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil edilib.
“Əhalinin sosial təminatının yaxşılaşdırılması üçün hər il ölkədə minimum əməkhaqqının, pensiya və təqaüdlərin, ehtiyac meyarının, yaşayış minimumunun, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması təmin olunub. Belə ki, əhalinin real gəlirləri 1995-ci ilə nisbətən 9,8 dəfə artaraq 2015-ci ildə 4380, orta aylıq əməkhaqqı 2000-ci ildəki 44,3 manatdan 2015-ci ildə 467, orta pensiyanın məbləği 2001-ci ildəki 14 manatdan 2016-cı ildə 178 manata çatıb, yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 4,9 faizə enib”, - deyə S.Şərifov bildirib.
Nazir qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üç dövlət proqramı qeyri-neft sektorunun dayanıqlı inkişafı, regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün maliyyə təminatı yaradıb: “2004-2015-ci illər ərzində ölkədə 1 milyon 480 min yeni, o cümlədən 1 milyon 102 min daimi iş yerləri açılıb ki, onun da 66,4 faizi regionların payına düşüb. Ölkənin strateji valyuta ehtiyatları 1995-ci ildə 250 milyon ABŞ dollarından (cəmi 2 aylıq mal və xidmətlərin idxalı) 2016-cı ilin sonuna 37 milyard ABŞ dollarına qədər artıb. Bunlardan əlavə, xarici və daxili mənbələrdən 1993-2015-ci illər ərzində ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala 184 milyard manat investisiyanın yatırılmasına nail olunub, investisiya qoyuluşunun illik həcmi 1993-cü ildə 6,3 milyon manatdan 2015-ci ildə 20 milyard manata qədər artıb. Bu hesaba 2004-2015-ci illərdə 2124 məktəb, 351 uşaq bağçası, 300 tibb, 144 mədəniyyət və turizm müəssisəsi, 82 idman və olimpiya idman kompleksləri tikilib, bərpa olunub və yenidən qurulub. Ölkənin şimal, cənub və qərb istiqamətlərində, həmçinin Bakıda, rayonlararası və rayon mərkəzlərini kəndlərlə birləşdirən 8,6 min km. uzunluğunda yollar, 320 yeni körpü, 39 yol ötürücüsü, 38 avtomobil tuneli və 55 yeraltı və yerüstü piyada keçidləri inşa olunub”.