10 ildə regionların sosial-iqtisadi inkişafına 51 mlrd. manat yönəldilib

"Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bu proqramların icrasına 10 il ərzində 50,7 mlrd. manat, o cümlədən birinci proqrama 16 mlrd. manat, ikinci proqrama isə 34,7 mlrd. manat vəsait yönəldilib".

APA xəbər verir ki, bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

E.İbrahimovun sözlərinə görə, bundan əlavə, regionların sosial-iqtisadi inkişafına dair proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ehtiyat Fondundan 737,4 mln. manat vəsait ayrılıb: "Bu vəsaitlər hesabına son 10 ildə regionlarda 500-dən çox sənaye müəssisəsi, 2708 məktəb binası, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyektləri tikilib və ya əsaslı təmir edilib. Proqramlar çərçivəsində regionlarda mənzil tikintisi, respublika və yerli əhəmiyyətli yolların çəkilməsi, yenidən qurulması və təmiri, yeni körpü və yol ayrıclarının tikilməsi və təmiri, poçt və rabitə şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi, habelə digər infrastruktur sahələrində böyük həcmdə işlər görülüb".

Komitə sədri əlavə edib ki, regionların sosial-iqtisadi inkişafına dair proqramların ölkə iqtisadiyyatında gələcək illərdə də davamlı artımın əldə olunmasında mühüm rolu nəzərə alınaraq 2014-cü il 27 fevral tarixli fərmanla "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib: "Bu proqramın həyata keçirilməsi perspektivdə ümumi daxili məhsulun artımının əsasən qeyri-neft sektorun inkişafı hesabına əldə olunmasına imkan verəcək. Bu da ölkəmizdə sosial-iqtisadi inkişafı təmin etmək üçün mövcud maliyyə ehtiyatlarının Dövlət Proqramları üzrə xərclənməsinin daha səmərəli iqtisadi model olduğunu təsdiq edir.
Əldə edilən neft gəlirlərinin iqtisadiyyatın real sektoruna və infrastruktur layihələrinə istiqamətləndirilməsi ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin balanslaşdırılmış inkişafını təmin edib. Belə ki, 1995-ci ilə nisbətən 2015-ci ildə ümumi daxili məhsul istehsalı sənayedə 4,8 dəfə, kənd təsərrüfatında 2,4 dəfə, tikintidə 69,3 dəfə, nəqliyyat xidmətləri sektorunda 4,2 dəfə, rabitədə 28,8 dəfə, ticarət sektorunda 9,4 dəfə artıb. Ümumi daxili məhsulun belə sürətli artımı ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiya olunmasına da müsbət təsir göstərib. Əgər 1993-cü ildə cəmi 60 xarici ölkə ilə ticarət əlaqəsi qurulmuşdusa, 2015-ci ildə 165 xarici dövlətlə idxal-ixrac əməliyyatı aparılıb və xarici ticarət dövriyyəsinin səviyyəsi 15,3 dəfə artaraq keçən il 20,6 milyard dollar təşkil edib".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri