Artıq bülletenlərin 100 faizi hesablanıb.
Seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatına əsasən, Emmanuel Makron 66,06% , Marin Le Pen isə 33,94 səs toplayıb.
Ümumlikdə, E.Makrona 20,7 milyon seçici səs verib. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.
***
Fransada ikinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.
Artıq bülletenlərin 98,26 faizi hesablanıb.
Fransa daxili işlər nazirliyinin məlumatına əsasən, sabiq iqtisadiyyat naziri, “En Marche!” ("İrəli!") hərakatının lideri Emmanuel Makron 65,82%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 34, 18 % səs toplayıb. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib.
Emmanuel Makron 1977-ci il, dekabrın 21-də Amyen şəhərində doğulub. 2004-2008-ci illərdə Fransa İqtisadiyyat nazirliyində müfəttiş vəzifəsində çalışıb. 2008-ci ildə “Rothschild & Cie” bankında fəaliyyətə başlayan E.Makron iki il sonra bankın idarəçi tərəfdaşı postunadək yüksəlib. 2012-2014-cü illərdə prezident Fransua Ollandın administrasiyasında çalışıb. 2014-cü ildə Fransanın İqtisadiyyat naziri təyin edilib. 2016-cı il, avqustun 30-da vəzifəsindən istefa verib. 2006-2009-cu illərdə Sosialist partiyasının üzvü olub, 2016-cı ildə “İrəli!” hərəkatını yaradıb. Evlidir.
***
Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.
Hazırda bülletenlərin 75 faizi hesablanıb.
Bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin “Tvitter”-dəki açıqlamasında bildirilir.
Məlumata əsasən, sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 63,16%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 36, 84% səs toplayıb.
M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
***
Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.
APA-nın BFMTV telekanalına istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən “En Marche” Hərakatının lideri Emmanuel Makron 65,9% səslə öndədir. Onun rəqibi , “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1% səs toplayıb.
M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.