Ramazan ayı başladı

Ramazan ayı başladı Bu gün ayların sultanı - Ramazan ayının ilk günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 27-də Bakıda imsak saat 03:19, iftar isə saat 20:17-dədir.

Birinci günün duası:

"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".

Tərcüməsi:

"İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!"

Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub. Müqəddəs Kitabımız Qur'ani-Şərifdə Allah-Təalanın hökmü belədir: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilib. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar" (Bəqərə, 185). Həzrəti Peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-Taalaya aid olduğu və mükafatının da məhz Uca Allahın Özü tərəfindən veriləcəyi bildirilib.

Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-Taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.

Eydül-Fitr – Ramazan bayramı şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 26-na təsadüf edəcək.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah orucunuzu qəbul eləsin!


Ramazan ayı başladı
Şərhlər
Sosial bölməsinin xəbərləri