«Sahil» metro stansiyasında eskalatorların sürəti azaldılıb

Bakı Metropoliteninin «Sahil» stansiyasında eskalatorların sürəti azaldılıb. Metropolitenin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, stansiyada eskalatorların hərəkətinin əvvəlkindən fərqli olmasını artıq sərnişinlər də hiss edir. Saniyədə 0,9 metr/saniyə sürəti ilə hərəkət edən eskalator indi 0,75 metr/saniyə sürəti ilə hərəkət edir. Bu isə artıq eskalatorun pilləsinə ayaq qoyan andan sərnişinin özünü daha rahat hiss etməsinə şərait yaradır.

Dəyişikliyin effektini eskalator distansiyasının rəisi Elçin İsmayılov da xüsusi vurğulayır. O, qeyd edib ki, ötən dövr ərzində hətta sərnişinlərin davranışının dəyişməsində də müsbət məqamlar açıq-aşkar hiss olunur: «Onlar eskalatordan daha rahat istifadə edirlər».

E.İsmayılovun sözlərinə görə, stansiya dərin özüllü olduğundan bəzi səbirsiz sərnişinlər bunu narahatlıq kimi qiymətləndirə bilər. Lakin təhlükəsizlik baxımından bu addım çox əhəmiyyətlidir.

Qeyd edək ki, yeni mühərrikin çalışmasına əvvəlkindən 15 kVt/saat az enerji sərf olunur. Eskalator distansiyasının rəisi iki eskalatorun daim fəaliyyətdə olduğunu nəzərə alsaq, bunu bir saatda 30 kVt, gün ərzində isə 540 kVt enerjiyə bərabər olduğunu bildirib: «Bunu günlərə, aya, ilə hasilini hesabladıqda, Metropolitenə verilən iqtisadi səmərə sərnişindaşımanın maya dəyərinə, cüzi də olsa, təsir edir».

E.İsmayılov yeni quraşdırılan eskalatorların üstünlükləri və iqtisadi səmərəsini də nəzərə alaraq, bunları işçinin əməyinin də mühafizəsi, onun daha səmərəli istifadə olunması baxımından əhəmiyyətli sayır.

Xatırladaq ki, ötən ilin sonunda eskalatorların sürətinin azaldılması ilə bağlı işlər görülür. Müvafiq araşdırma aparıldıqdan sonra yeni mühərriklər qoyulub.
Şərhlər
Sosial bölməsinin xəbərləri