Ankara alman deputatlarının “İncirlik” bazasına buraxılmamasının səbəbini açıqlayıb
- 31.05.2017, 12:20,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Berlin Ankara barəsində neqativ münasibətini dəyişənədək alman deputatları Türkiyənin “İncirlik” aviabazasına buraxılmayacaqlar. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ankarada jurnalistlərə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
Nazirin sözlərinə görə, Almaniya Türkiyəyə qarşı neqativ münasibət bəsləyir və Ankaranın əleyhinə olan hər şeyi dəstəkləyir: “Bu cür şəraitdə alman deputatlarının “İncirlik” bazasına buraxılması mümkünsüzdür. Bazar ertəsi biz bu məsələni Almaniya XİN rəhbəri Ziqmar Qabriel ilə müzakirə edəcəyik”.
O əlavə edib ki, Almaniya Ankaraya dair müsbət addımlar atacağı təqdirdə Türkiyə mövqeyini dəyişə bilər.
Bundan əvvəl, alman deputatlarının Türkiyənin “İncirlik” hərbi bazasına səfəri ərəfəsində Ankara Almaniya XİN-nə səfərin mümkünsüz olduğunu bildirib.
Bundan sonra Almaniya kansleri Angela Merkel bəyan edib ki, Berlin Almaniya hərbi kontingentinin köçürülməsi üçün qonşu dövlətlərdə “İncirlik”ə alternativ axtaracaq.
Türkiyə Almaniyanı ölkədə hərbi çevrilişə cəhddə ittiham olunan hərbçiləri və PKK fəallarını Ankaraya təhvil verməkdən imtina etməkdə ittiham edir.