“Ən çox yayılmış üsul işəgötürənlərin işçilərinin sayını azaltmasıdır. Bir çox iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar onlara öz bəd əməllərini həyata keçirməyə münbit şərait yaradır. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür”.
Bunu baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Komissiya sədri təəssüf hissi ilə qeyd edib ki, mövcud tikinti qanunvericiliyi və normaları iş adamlarına imkan verir ki, işçilərinin sayını gizlədə bilsin: “Xidmət müqavilələri, subpodratçılıq münasibətləri bu mənada sahibkarların işini asanlaşdıran formalardır. Maraqlıdır ki, həm xidmət müqaviləsi, həm də subpodratçılıq müvafiq normativ aktlarda nəzərdə tutulub. Doğrudur, beynəlxalq praktikada həmin formalar mövcuddur. Lakin vacib bir fərqlə. Digər ölkələrdə sözügedən əmək müqavilələri formalarından sui-istifadəyə imkan yaradan boşluqlar yoxdur.
Geniş yayılmış digər forma özəl sektorda əməkhaqqının ödənilməsində lazımi şəffaflığın olmamasıdır. Bəzi işəgötürənlər mühasibat uçotu sahəsində olan boşluqlardan faydalanaraq, xalq arasında yayılmış terminologiyadan istifadə etsək, “qara mühasibat”a əl atırlar. “Qara mühasibat”ın mahiyyəti ondan ibarətdir ki, işçiyə verilən əməkhaqqının az bir hissəsi rəsmiləşdirilir, çox hissəsi isə rəsmiləşdirilmir. Nəticə etibarilə həm hüquqi şəxs, həm də işçi vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmış olurlar. Nəhayət, fərdi sahibkarlar və özüməşğul əhalinin müzakirə etdiyimiz kontekstdə, yumşaq desək, qəribə davranışını qeyd etmək istərdim. Bu gün vergidən, ələlxüsus məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınan insanlar bilərəkdən qocalıqda özlərini pensiya hüququndan məhrum edirlər. Təhlillər göstərir ki, qeyri-rəsmi məşğulluq kifayət qədər geniş yayıla bilmişdir. Bu tipli qanun pozuntularına tikinti ilə yanaşı, ticarət, iaşə, nəqliyyat, xidmət sahələrində tez-tez rast gəlinir”.
Baş nazirin müavini əlavə edib ki, dövlət əmək münasibətləri sahəsində yaranmış vəziyyətə biganə qala bilməz və qalmır. “Prezidentin müvafiq sərəncamı bir daha sübut edir ki, Azərbaycan dövləti ən qısa vaxtda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində mövcud problemləri aradan qaldırmaq, işçilərin sosial hüquqlarının qorunması sahəsində əlavə zəruri addımları atmaq niyyətindədir. İnsanların sosial hüquqlarının qorunması onların sosial müdafiəsi qədər böyük dəyər kəsb edir və dövlətimiz bu işdə seyrçi mövqeyində qalmaq niyyətində deyil.
İstər qanunvericiliyin təkmilləşdirilməsi, istər inzibatçılığın gücləndirilməsi, istər qanun pozuntularına qarşı qanuni sanksiyaların sərtləşməsi, istərsə də geniş təbliğat aparılması sayəsində əmək münasibətləri sahəsində bütün problemlərin aradan qaldırılmasına nail olunacaq”, - deyə o bildirib.
APA