"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Pərvin Lətifov olub.
Maraqlı açıqlamalar verən müğənni, az şeylərlə qane olan insan olduğunu bildirib:
"Mənə bu qədər bəs edir. Bəlkə, nə vaxtsa uzun illər keçəcək və mənim yazıb qoyduğum külliyyat, öz mahnılarımı heç nəzərdə tutmuram, Azərbaycan mahnı janrında, klassik estrada janrında olan mahnılar daha çox dinləcək. Ən azından içimdə bir rahatlıq var ki, təmiz, düz və sağlam təməl qoymuşam. Bu, mənə bəs edir. Mən az şeylərlə qənaət edən bir insanam. Virus kimi yayılır ey, insanı öldürür, parçalayır, bir də görürsən iflic edir, yaşamağa qoymur. Bu cür düşüncələr, yəni çoxa doğru qaçmaq insanın yaşamağına, yatmağına, durmağına, gözəl həyat keçirməyinə mane olan şeylərdir. Buraxın axarına, öz işinizlə məşğul olun. Allah bizə balaca bir ömür verib".
O, daha sonra toy məclislərində onun üzərinə kiminsə acıqlanmadığı və narazılıqla üzləşmədiyindən də bəhs edib:
"Bu dəqiqə bizə bəlkə də, övladlarının toyunda oxuduğum yüzlərlə valideyn, bəy-gəlin baxır. Toyda mənə heç kim acıqlanmayıb. Çünki insanın üzünə baxanda bilirlər ki, kimə açıqlanmaq olar, kimi incitmək olar, kimə artıq söz demək olar və bunların heç biri, kimə olmaz. Bir kəlmə söz insanın həyatına təsir edə bilir. Bizim insanlar sözə qarşı çox diqqətlidirlər. Ona görə də, gərək nə danışdığını biləsən".
Şou-biznesdə heç kimlə kəllə-kəllə gəlmədiyini söyləyən Pərvin həmkarlarına qarşı kin saxlamadığını da dilə gətirib:
"Yalan danışmaq qorxmağın əlamətidir və mən heç nədən qorxmuram. Mənim bu sənət aləmində heç kimlə problemim yoxdur. Kiminləsə problem olursa, onun üzünə deyirəm ki, bunu niyə belə etdin? Zəhərimi atıram, sonra eyni adamam. Mən söz götürən adam deyiləm. Qarşımdakı kim olursa, olsun mən onu uca bir insan hiss eləmirəm ki, o, mənə nəsə deyə bilsin. Bu şəraiti heç kimə yaratmıram. Dostlarıma qohumlarıma, mənimlə işləyən musiqiçilərə belə o şəraiti yaratmıram".
Özəlini gizli saxlayan müğənni hər anını paylaşmağı sevmədiyini söyləyib:
"Mən filan yerdə filan şeyi yedim, filan yerə getdim, filan paltarı aldım, belə şeylər mənlik deyil. Sevmirəm. Filan yerdən bu qədər pul qazandım. Bunun heç kimə aidiyyəti yoxdur. Bizə maraqlı olan sənin oxumağındır, mədəniyyətindir, sənin insanlarla davranmağındır, bizə maraqlı olan sənin efirdə əsl üzünü görməkdir. Efirdə başqa, həyatda başqasansa, bizə lazım deyilsən".
Sonda isə ifaçı sənətindən bəhs edib:
"Xoş gəlmisən bu dünyama" adlı mahnım çıxb. Sözləri Rəna Mirzəyevaya aiddir, musiqisi isə mənimdir. "Bir arzum var, sevgilim" adlı mahnım da işıq üzü görəcək. Bu iki mahnıdan birini mütləq bu yay hit edəcəm".
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.