“Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilir

“Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilir Azərbaycanda “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 14-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) mətni tam dəyişdirilir.

Maddənin yeni mətninə görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyati üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumata maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Maddənin hazırda qüvvədə olan variantı isə belədir:

14-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aşağıdakı əməliyyatlar barədə məlumatları dərhal maliyyə monitorinqi orqanına təqdim etməlidir:

14-1.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) vətəndaşları, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslər, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması;

14-1.1.2. ilkin çıxış məntəqəsi bu qanunun 14-1.1.1-ci maddəsində göstərilən dövlət (ərazi) olan valyuta sərvətlərinin hər hansı şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri