Bakı Çempionlar liqasının finalını qəbul edə bilər

Bakı Çempionlar liqasının finalını qəbul edə bilər UEFA Avrokuboklarda 2018/19 mövsümünün finallarını keçirmək istəyən şəhərlərin müraciətlərini qəbul edib.

Qurumun rəsmi saytından verilən xəbərdə seçimlərə qatılacaq son arenaların adları açıqlanıb.

Siyahıda Bakı Olimpiya Stadionunun da adı var. Paytaxtımız iki mötəbər finalı keçirməyə iddialıdı.

Belə ki, Çempionlar Liqasının həlledici matçı üçün BOS sadəcə bir rəqiblə - “Atletiko”nun yeni arenası “Metropolitano” ilə mübarizə aparacaq.

Avroliqanın 2018/19 mövsümünün finalı üçün isə paytaxtımız ilə birlikdə daha iki şəhər namizəddi. Həm “Roman Sançes” stadionu (Sevilya, İspaniya), həm də İstanbulda yerləşən və “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Vodafon Arena” mötəbər matçı qəbul etməyə hazırdı.

Qadınlar arasında keçirilən Çempionlar Liqasının finalı üçün isə iki stadion – Budapeştin “Ferentsvaroş” arenası və “Astana Aena” istəklidir.

Sözügedən mövsümün Superkubok finalı üçün 7 şəhər iddialıdır. Bunlar Tirana (“Qemal Staffa”, Albaniya), Tuluza (“Tuluza”, Fransa), Hayfa (“Sammi Ofer”, İsrail), Astana (“Astana Arena”, Qazaxıstan), Belfast (“Vindzor Park”, Şimali İrlandiya), Qdansk (“Qdansk Arena”, Polşa) və İstanbuldur (“Vodafon Arena”, Türkiyə).

UEFA son qərarını sentyabrın 21-də verəcək.


APA
Şərhlər
İdman bölməsinin xəbərləri