Bakının futbol stadionlarında qazonun 500 min manata yenilənir

Bakının futbol stadionlarında qazonun 500 min manata yenilənir




Bakıda əsas stadionların qazon örtüyünün dəyişdirilməsinə külli miqdarda xərc tələb olunur. Məsələn, Tofiq Bəhramov adına Respublika stadionunun qazon örtüyünün xaricdən gətirilərək dəyişdirilməsi təxminən 500 min manata başa gəlir.

Stadiondan Trend-ə bildiriblər ki, bu il dəyişdirilən qazon örtüyü Azərbaycanda yetişdirilib:

"5 il əvvəl isə qazon örtüyü Niderlanddan gətirilmişdi. Azərbaycanda idman meydançaları üçün davamlı qazon örtüyü istehsal edən şirkət yoxdur. Əslində qazon örtüyünü Azərbaycanda istehsal etmək olar, amma mütəxəssis lazımdır. Biz ötən il qazonun toxumlarını alıb özümüz yetişdirdik. Aqrotexniki qaydalara əməl etdik və yüksək keyfiyyətli qazon alındı. Hazırda stadionumuzun qazon örtüyü öz istehsalımızdır".

Stadiondan deyiblər ki, qazonu Niderlanddan gətirib stadiona döşəmək 500 min manata başa gəlir:

"Azərbaycandakı futbol meydançalarına və stadionlara qazonlar əsasən Niderlanddan gətirilir. Çünki Niderlanddan gətirilən qazonlar daha keyfiyyətli və zərbəyə davamlı olur. Türkiyədə də qazon örtükləri hazırlayan şirkətlər var, amma həmin qazonlar zərbəyə davamlı deyil".

Bakı Olimpiya Stadionu isə yerli qazondan istifadə etməyib. Stadiondan Trend-ə verilən məlumata görə, İslam Həmrəyliyi Oyunları zamanı qazonun üstü örtüldüyündən onun dəyişdirilməsi zərurəti yaranıb:



"İki həftə ərzində renovasiya prosesi başa çatmalıdır və qazonun bu dəfə İtaliyadan gətirilməsi planlaşdırılır. Ötən mövsüm isə qazon Niderlanddan gətirilmişdi. Ümumiyyətlə, stadionun ot örtüyü hər mövsüm renovasiyadan keçməlidir. Hər gün stadionun ot örtüyünə xüsusi qulluq göstərilir. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı stadionun ot örtüyü uzun müddət bağlı olduğuna görə qazon bərpa olunacaq".

Bakı Olimpiiya Stadionundan onu da bildiriblər ki, Azərbaycanda idman meydançaları üçün qazon istehsal edən şirkət olmadığından bunu xaricdən gətirmək məcburiyyətindədirlər:

"Azərbaycanda parklar üçün qazon istehsal edirlər. Amma bu, stadionlara davam gətirmir. Hər idman növü üçün isə müxtəlif keyfiyyətli qazon olmalıdır. Futbol meydançaları üçün nəzərdə tutulan qazonlarda keyfiyyət ən yüksək səviyyədə olmalıdır ki, zədələnmə riski az olsun".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri