Yardım milyardlıq boşanma qalmaqalı ilə gündəmə gələn Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədov Bakıdadır.
61 yaşlı Fərhad Əhmədov APA TV-yə müsahibəsində keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə bağlı London məhkəməsinin çıxardığı qərara münasibət bildirib.
Onun sözlərinə görə, həm Böyük Britaniya, həm də yerli media bu məsələni daha da aktuallaşdırıb: "Bu, İngiltərə məhkəməsi tərəfindən məqsədli şəkildə düşünülmüş, qərəzli informasiya sızıntısı, məqsədli şəkildə düşünülmüş, analoqu olmayan bir qərar idi. Çünki o, Rusiya vətəndaşıdır. Bizim nikahımız Rusiyada qeydiyyata alınıb. Eyni zamanda elə Rusiyada da boşanmışıq. Ona görə də İngiltərə məhkəməsinin bu məsələyə müdaxiləsi yersiz, ildən-ilə çox detallı formada planlaşdırılmış bir şey idi. Mən əminəm ki, ingilislər Avropa İttifaqı ilə boşanmaq müqabilində kompensasiya ödəməkdən imtina etdiyi kimi, İngiltərənin ədalət mühakiməsinin qərarı da öz ədalətini mütləq tapacaq".
Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini keçmiş həyat yoldaşı və onun vəkilləri tərəfindən “Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb. Hazırda isə eks-xanımı ilə münasibətlərinin normal olduğuna diqqət çəkib: "Münasibətlərimiz həmişə normal olub. Mən hər zaman Şərq kişisi, müsəlman olaraq uşaqlarımın atası kimi öz öhdəliklərimi yerinə yetirirəm. Qalan şeylərə isə qoy Allah özü qərar versin".
Xatırladaq ki, London məhkəməsi F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu haqda qərar verib.
Qeyd edək ki, bu, Britaniya tarixində boşanma prosesində kəsilmiş ən böyük məbləğdir.