MTRŞ ədəbi dil normalarını pozan aparıcıların adlarını açıqlayıb

MTRŞ ədəbi dil normalarını pozan aparıcıların adlarını açıqlayıb Milli Televiziya və Radio Şurası (MTRŞ) aparıcıların nitqi ilə bağlı aparılan monitorinqin nəticələrini açıqlayıb.


APA-nın xəbərinə görə, monitorinqlərin nəticələri ilə bağlı hazırlanan hesabatda qeyd olunur ki, ANS telekanalında “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu Bakı dialektində danışır, bəzi məqamlarda isə fit çalır: “Əlini cibindən çıxartmayan aparıcı bütün veriliş boyu öz ləhcə xüsusiyyətlərindən kənara çıxa bilmir. Aparıcı bunu normal hesab edərək deyir ki, əgər efirə, radioya ədəbi dili çıxarsaq onda televiziya və radio ilə insanlar arasında çox böyük uçurum yaratmış olarıq. İlqar Mikayıloğlunun sözlərindən belə çıxır ki, aparıcıların hər biri hər hansı bölgədəndirsə, verilişdə də o bölgənin ləhcəsində danışmalıdır. Təəssüf ki, həmin verilişdə çıxış edən Mirşahin də “Biz telefon dilində nə qədər sərbəstiksə, televiziyada da o qədər sərbəst olmalıyıq”, deyib”.


Bundan əlavə, monitorinqlərin nəticəsində “Salam, Azərbaycan” (ANS), “ATV olay” (ATV), “ATV səhər” (ATV), “Səhər çağı” (Lider), “Plyus-minus” (“Space”) verilişlərinin aparıcılarında da müəyyən nöqsanlar aşkarlandığı qeyd olunub.


Hesabatda o da qeyd edilib ki, bu norma pozmaları ilə yanaşı, nitqləri aydın olan, əksər hallarda ədəbi dilin normalarına uyğun olan şəkildə qurulan, veriliş zamanı nitqlərində çox nadir hallarda normadan kənara çıxma halları müşahidə edilən aparıcılar da var.
Şərhlər
Sosial bölməsinin xəbərləri