FES bazarda dollar kütləsini azaltmağa başlayır
- 13.06.2017, 19:27,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Federal Ehtiyat Sisteminin (FES) bu gün başlayan və iki gün davam edəcək iclasının yekununda balansını azaldacağı barədə açıqlamalar verəcəyi gözlənilir.
Live.Az “Report”a istinadən xəbər verir ki, ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha sürətli artımının qarşısını almaq üçün FES balansında olan istiqraz portfelini sataraq əlavə likvidliyi sterilizasiya etmək istəyir.
Qeyd edək ki, FES-in balansında topladığı istiqraz portfeli 2008-2009-cu illərin maliyyə böhranı illərində ölkəsinin maliyyə bazarlarına likvidlik dəstəyi vermək məqsədilə yaranıb.
O zaman bu üsulla çətin vəziyyətdən çıxan FES indi də sürətli iqtisadi artım və inflyasiyanın qarşısını zamanında almaq üçün balansını boşaltmağa hazırlaşır.
“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, FES-in balansı hazırda 4,5 trln. dollar təşkil edir. Bunun 2,5 trln. dolları dövlət istiqrazları, 1,8 trln. dolları isə ipoteka qiymətli kağızlarının payına düşür.
Sabahkı açıqlamalarında FES-in balansını nə zaman kiçiltməyə başlayacağı barədə fikirlər səsləndirməsi gözlənilir. “Report”un analitik qrupu bildirir ki, balansın azaldılması dollar kütləsinin bazardan yığılması, faizlərin artması deməkdir. Bu qərar dünya maliyyə bazarlarına mənfi təsir edəcək.