Azərbaycanda universitetlər yeni formada idarə olunacaq

Azərbaycanda universitetlər yeni formada idarə olunacaq



Təhsil Nazirliyinin dəstəyi, UNEC, "Clarivate Analytics" ("Thomson Reuters"), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, respublikanın tanınmış elm və təhsil mərkəzlərinin rəhbərlərinin qatıldığı konfransda Nobel mükafatçısı Əziz Sancar da iştirak edib. Dünyanın nüfuzlu alimlərinin toplaşdığı elmi platformada elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparılıb.

Tədbiri giriş sözü ilə açan UNEC rektoru professor Ədalət Muradov konfransda iştirak edən qonaqlara təşəkkürünü bilirib. O deyib ki, bugünkü konfransın məhz universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusuna həsr edilməsi təsadüfi deyil:

“Son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" əsas tutulmaqla universitetlərdə həyata keçirilmiş islahatlar nəticəsində universitetlərdən gözləntilər artıb. Universitetlər təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirilir. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil”.

Ə.Muradov bildirib ki, keyfiyyətli təhsil həm də ən ciddi, səmərəli, praktikada tətbiq edilə bilən biliklərin məhz təhsil prosesinə transformasiyasını özündə ehtiva edir: “Universitetlər insan kapitalı formalaşdıran ixtisaslaşmış müəssisələrdir. İnsan kapitalının dəyəri isə onun tətbiqi zamanı yarada biləcəyi əlavə dəyərin həcmi ilə ölçülür. Yüksək əlavə dəyər yarada bilən insan kapitalı isə innovativ, praktiki əhəmiyyətli araşdırma bacarığını tələb edir. Beləliklə, təhsil-elm-istehsal üçbucağında elm mərkəzi halqanı təşkil edir və universitetlərdə elmi fəaliyyətin idarə edilməsinə ənənəvi yanaşmanın dəyişməsini zəruri edir. İnanıram ki, bu gün elmi fəaliyyətin idarə edilməsi istiqamətləri müzakirə ediləcək və faydalı tövsiyələr veriləcək”.

Daha sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi özünün elmin idarə edilməsi sistemini müasirləşdirir: “Bizim zəngin ənənələrə malik olan elmimiz mövcud olub və bu gün də mövcuddur. Biz onu müasirləşdirir və elmin beynəlmiləşdirilməsi prosesini həyata keçiririk. Bu gün bizim təhsil sistemimiz müasir çağırışlara cavab verir”.

Təhsil naziri qeyd edib ki, Azərbaycanda universitetlərin yeni idarəetmə modeli yaradılır.

Nazir deyib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: "Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülür. Bu da gənclərin elmə marağını bir daha artırır".

M.Cabbarov vurğulayıb ki, milli ali təhsilin dayanaqlılığının təmin edilməsini əsas iş kimi görürük: "Ona görə də universitetlərin yeni idarəetmə modelini yaradırıq. Ölkədə bu günə qədər tədris olunmayan bir sıra elmi tədqiqatla bağlı fənlərimiz var. Bu gün ölkədə savadlı alimlərimiz var. Tədqiqat universitetlərinin yaradılması ilə onların potensialından geniş şəkildə istifadə edilməsinə şərait yaradılacaq".



Azərbaycanda universitetlər yeni formada idarə olunacaq



Azərbaycanda universitetlər yeni formada idarə olunacaq
Şərhlər
Sosial bölməsinin xəbərləri