ABŞ polisi Türkiyə prezidentinin mühafizəçilərinin həbsinə dair order verib [Yenilənib]

ABŞ polisi Türkiyə prezidentinin mühafizəçilərinin həbsinə dair order verib [Yenilənib]



Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ polisinin mühafizəçilərinin həbsinə dair order verməsinə münasibət bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ərdoğan Ankaranın bununla siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib.

“Mən ABŞ-da olarkən PKK və FETO üzvləri mən olduğum yerin 40-50 metrliyində aksiya keçirdilər. ABŞ polisi buna qarşı heç bir tədbir görmədi. Təsəvvür edirsinizmi, analoji hadisə Türkiyədə baş versəydi, nələr olardı? Dünən iki soydaşımızı həbs ediblər, 12 mühafizəçim barəsində həbs qərarı veriblər. Bu nə qanundur? Mühafizəçilərim məni qorumayacaqsa, onları nə üçün Amerikaya aparmalıyam?”, - deyə Ərdoğan bildirib.

O, Ankaranın ABŞ hakimiyyətinin bu qərarı ilə siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib.

Qeyd edək ki, ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib.

Xatırladaq ki, R.T.Ərdoğanın Vaşinqtona səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK tərəfdarları arasında insident baş verib.

Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini iddia edib.



***

01:02 16/06/17


ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton polis idarəsinin rəisi Piter Nyuzem və şəhərin meri Muriel Bouzer birgə mətbuat konfransında bildiriblər.

Barələrində axtarış elan edilən şəxslər arasında Ərdoğanın 9 mühafizəçisi, türk polisinin 3 zabiti və iki Kanada vətəndaşının adı var. Vaşinqton polis idarəsinin rəisi Piter Nyuzem barələrində axtarış edilən şəxslərin ABŞ-a gələrək qanun qarşısında cavab verməyə çağırıb.

Xatırladaq ki, R.T.Ərdoğanın Vaşinqtona səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK tərəfdarları arasında insident baş verib.

Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini iddia edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri