Azərbaycan rejissorunun filmi beynəlxalq festivalın birinci mükafatına layiq görülüb
- 05.07.2013, 00:27,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cari ilin 29 iyun - 2 iyul tarixlərində Serbiyanın Zlatibor şəhərində "Zlatibor-2013" idman filmləri üzrə ikinci beynəlxalq film festivalı keçirilib.
Azərbaycanın Serbiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Serbiyanın mədəniyyət və informasiya naziri Bratislav Petkoviç, Rusiya Federasiyasının Serbiyadakı səfiri Aleksandr Çepurin, Zlatibor şəhər meriyasının rəhbərliyi, ölkənin tanınmış mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin nümayəndələri, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin yerli ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.
Festivalda 18 ölkədən müxtəlif filmlər nümayiş etdirilib. Münsiflər heyətinin qərarına görə, Azərbaycan rejissoru Rafiq Quliyevin "Çövkən" filmi idmanda ölkəmizin milli adət-ənənələrinin uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülüb.
"Çövkən" filminin nümayişindən sonra mükafat və diplom səfirliyimizin əməkdaşına təqdim edilib. Festival Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və ölkə mətbuatında geniş işıqlandırılıb.