BMT: Dünyada 65,6 milyon nəfər zorla didərgin salınıb

BMT: Dünyada 65,6 milyon nəfər zorla didərgin salınıb



“2016-cı ilin sonunda dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon nəfər olub. Bu da əvvəlki ildən təxminən 300 000 nəfər çoxdur. Bu ümumi rəqəm bütün dünyada himayəyə ehtiyacı olan insanların sayının həddən artıq çox olduğunu göstərir”.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) didərginlik hallarına dair əsas illik icmalı olan “Qlobal tendensiyalara dair” yeni hesabatında deyilir.

Qeyd olunub ki, didərgin salınan insanların sayı ilə bağlı açıqlanan rəqəm üç mühüm komponentdən ibarətdir: “Birincisi, bu, qaçqınların sayıdır, bu say 22,5 milyon təşkil edir ki, bu da indiyədək müşahidə edilən saydan artıqdır.
Bunlardan 17,2 milyonu BMT QAK-ın aidiyyətindədir, qalanları isə digər BMT qurumu olan Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üçün BMT-nin Yaxın Şərq Agentliyi (UNRWA) tərəfindən qeydiyyata alınmış fələstinli qaçqınlardır. Suriya münaqişəsi dünyada ən çox (5,5 milyon) qaçqın doğuran münaqişə olaraq qalır, bununla belə, 2016-cı ildə ən böyük yeni faktor Cənubi Sudan olub. Orada həmin ilin iyulunda sülh səylərinin acınacaqlı uğursuzluğu ilin sonu üçün 739.900 insanın ölkəni tərk etməsinə şərait yaratmışdır (bu gün onların sayı 1,87 milyon nəfərdir).

İkincisi, insanların öz ölkələri daxilində köçkün düşməsi hallarıdır, onların sayı 2016-cı ilin sonunda 40,3 milyon olub. Müqayisə üçün qeyd olunmalıdır ki, ondan əvvəlki ildə bu say 40,8 milyon olub. Ən çoxsaylı məcburi köçkünlük situasiyaları Suriyada, İraqda və hələ də ölkə daxilində çoxlu sayda məcburi köçkünlük hallarının baş verdiyi Kolumbiyadadır, bununla belə, məcburi köçkünlük problemi ümumdünya problemidir və qlobal səviyyədə zorla didərgin salınma hallarının ümumilikdə təxminən üçdə ikisini əhatə edir.

Üçüncüsü, sığınacaq axtaranlardır, bunlar ölkələrini tərk etmiş olan və qaçqın qismində beynəlxalq himayə axtaran insanlardır. 2016-cı ilin sonunda sığınacaq axtaran insanların sayı qlobal səviyyədə 2,8 milyon olub. 65,6 milyon nəfər o deməkdir ki, bu gün bütün dünyada orta hesabla hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir, bu isə dünyada əhalisinin sayına görə 21-ci olan Birləşmiş Krallığın əhalisinin sayından çoxdur”.


BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, bu, istənilən baxımdan qəbuledilməz rəqəmdir və böhranların qarşısının alınmasında və həll edilməsində həmrəyliyin və ümumi məqsədin olmasına, habelə həll yolları axtarıldığı müddətdə dünyadakı qaçqınların, məcburi köçkünlərin və sığınacaq axtaranların lazımi qaydada müdafiə və himayə edilməsini birlikdə təmin etməyə həmişəkindən daha çox ehtiyac olmasından xəbər verir: “Biz bu insanlar üçün daha yaxşı çalışmalıyıq. Münaqişə içərisində olan dünyadan qorxu deyil, qətiyyət və cəsarət tələb olunur".

Hesabatda gəlinən əsas qənaətlərdən biri ondan ibarətdir ki, konkret olaraq yeni didərginlik hallarının səviyyəsi çox yüksək olaraq qalır. Qlobal miqyasda zorla didərgin salınmış 65,6 milyon nəfərdən 10,3 milyonu 2016-cı ildə didərgin düşənlərdir.

BMT QAK-ın hesablamalarına görə, 2016-cı ilin sonunda azı 10 milyon insan vətəndaşlığa malik olmayıb və ya vətəndaşsızlıq riski altında olub. Lakin hökumətlər tərəfindən qeydə alınan və BMT QAK-a təqdim edilən məlumatlarda 75 ölkədə vətəndaşlığa malik olmayan insanların sayı 3,2 milyon nəfərlə məhdudlaşır.

Xatırladaq ki, BMT QAK-ın “Qlobal tendensiyalar" hesabatı 20 iyun Ümumdünya Qaçqınlar Günü ərəfəsində açıqlanır.
Şərhlər
Dünya bölməsinin xəbərləri