“Eurovision - 2016” təmsilçimiz Səmra Rəhimli “Badminton” adlı rus dilində ifa etdiyi mahnıya çəkilən klipini təqdim edib. Bu, adıçəkilən müsabiqədə iştirakından sonra müğənninin ilk işidir.
Bəstənin söz və musiqisi Boqdana aiddir, klipin rejissoru isə Fərhad Əlidir.
“Başda anam olmaqla, bütün komandama “çox sağ ol” deyirəm. Biz qeyri-adi, keyfiyyətli və maraqlı iş gördük. Bu, hamımızın uğurudur”, - deyə ifaçı sosial şəbəkədə yazıb.
Ekran işində fitnes-model Fövqi Əfəndiyev və “Alarm dance crew” rəqs qrupu da yer alıb.
Xatırladaq ki, Səmra Rəhimli “O Səs Türkiyə” və “Səs Azərbaycan” layihələrinin iştirakçısı olub. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsində “Miracle” adlı mahnı ilə təmsil edib və final mərhələsində ölkəyə 17-ci yeri qazandırıb.