İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak ediblər”

İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak ediblər”



Azərbaycan və Polşa arasındakı müasir diplomatik əlaqələrin tarixi 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Hələ XV əsrdə Azərbaycan hökmdarı Uzun Həsənin Polşa Kralı Yagello ilə sıx təmasları olub. Sonrakı dövrlərdə də münasibətlərimiz qorunub saxlanılıb. Şərqdə ilk demokratik respublikanın – 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak ediblər. General Maçey Sulkeviç həmin dövrdə Azərbaycan Ordusunun qərargah rəisi olub. Kriçevski qardaşları isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində rəhbər vəzifələr tutublar. Azərbaycanlı Vəli bəy Yadigar isə İkinci Dünya müharibəsi illərində Polşa Milli Ordusunun polkovniki olub”. Live.az-ın xəbərinə görə, bunu Varşavada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev şərəfinə Polşa prezidenti Andjey Dudanın adından verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı şəhərinin memarlıq simasının formalaşmasında polyaklar böyük rol oynayıblar: “Bakının baş memarı olmuş Yuzef Qoslavski, eləcə də tanınmış memarlar Ploşko və Skureviçin layihələri ilə inşa edilmiş binalar bu gün də Bakıya gözəllik verən memarlıq nümunələridir. Polyaklar Azərbaycanın neft sənayesinin inkişafına da töhfələr veriblər. Mühəndis Pavel Pototskinin Xəzər şelfində neft çıxarılması sahəsində böyük xidmətləri olub. Vəsiyyətinə uyğun olaraq Pototski Bakıda dəfn olunub və burada onun xatirəsinə abidə ucaldılıb”.

“Qeyd etməliyəm ki, ədəbi, mədəni, elmi əlaqələrimizin də zəngin tarixi var. Bu əlaqələr bu gün də davam və inkişaf etməkdədir. Xalqlarımız arasında formalaşan möhkəm dostluq əlaqələri bugünkü münasibətlərimiz üçün gözəl zəmin yaradıb. Hazırda Azərbaycan ilə Polşa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bu səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” münasibətlərimizin daha da inkişafı üçün siyasi iradəmizin göstəricisidir. Siyasi münasibətimizin mövcud səviyyəsi iqtisadi əlaqələr üçün də yeni perspektivlər açır. Tarixi İpək yolu üzərində əlverişli coğrafi mövqeyə malik Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri əməkdaşlığımızın daha da genişlənməsinə imkan verir”, - deyə prezident qeyd edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri