Azərbaycan yerli velosipedlərin satışına başlayır - Qiyməti 70-2500 manat arası

Azərbaycan yerli velosipedlərin satışına başlayır - Qiyməti 70-2500 manat arası



Azərbaycanın "ISMA Bikes" şirkəti iyul ayından etibarən öz istehsalı olan velosipedlərin satışına başlayacaq.

Bunu Trend-ə şirkətin baş direktoru Elçin Qəhrəmanov deyib.

Onun sözlərinə görə satışlar iyulun 6-da keçiriləcək təqdimat mərasimindən sonra başlayacaq.

"Synergy Group" şirkətlər qrupuna daxil olan "ISMA Bikes" Azərbaycanda ilk velosiped istehsalçısıdır. Zavod İsmayıllı rayonunun Diyallı kəndində yerləşir.

E.Qəhrəmanovun sözlərinə görə, istehsal olunan məhsulların geniş çeşidi olacaq: "Biz bazara 40-dək müxtəlif model velosiped, o cümlədən uşaq, şəhər və dağ velosipedləri çıxarmağı planlaşdırırıq. Biz bu il 5-10 min velosiped istehsal etməyi nəzərdə tutmuşuq. Gələn il isə 30 minədək velosiped istehsal oluna bilər".

Velosipedlərin qiymətlərinə gəldikdə isə o qeyd edib ki, qiymət 70-2500 manat arası olacaq. O həmçinin əlavə edib ki, digər şirkətlərin də əməkdaşlıq marağına baxmayaraq velosipedlərin satışı bilavasitə "ISMA Bikes" mağazası tərəfindən metronun "20 yanvar" stansiyası yaxınlığında yerləşən velotrek ərazisində həyata keçiriləcək.

E.Qəhrəmanov bildirib ki, şirkət bazarın müxtəli subyektləri ilə əməkdaşlıq qurmağı planlaşdırır: "Bu mərhələdə biz öz velosipedlərimizi ancaq ölkə daxilində tədarük etməyi planlaşdırırıq. Biz öyrənmək istəyirik ki, müştərilərimizin münasibəti necə olacaq, hansı velosipedlərə daha çox tələbat olacaq. Daha sonra bu nəticələrə əsasən gələcək strategiyamızı müəyyənləşdirəcəyik".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri