Ajda Pekkan Fəxri Xiyabanı, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib
- 05.07.2013, 17:32,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda səfərdə olmuş Türkiyənin məşhur sənətçisi Ajda Pekkan millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, daha sonra Fəxri Xiyabanda uyuyan Azərbaycanın görkəmli siyasi-ictimai və mədəniyyət xadimlərinin məzarları ziyarət edilib.
Ajda Pekkan Şəhidlər Xiyabanına gələrək 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad edib və məzarlarının üzərinə çiçəklər düzübdür. Millət vəkili Qənirə Paşayeva 20 yanvar faciəsi, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi zamanı 20 mindən çox insanın şəhid olması, Xocalı soyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki öz yurd-yuvasına dönə bilməməsi haqqında ətraflı məlumat verib.
Türkiyənin məşhur sənətçisi Ajda Pekkan 1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etmiş türk şəhidlərinin uyuduğu Türk şəhidliyini də ziyarət edib və onların ruhuna dua oxuyub. Millət vəkili Qənirə Paşayeva Türk Şəhidliyi, 1918-ci ildə bolşevik-daşnak qüvvələrinin törətdiyi qırğınlar, Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Bakının işğaldan azad edilməsi barədə ətraflı məlumat verərək bildirib ki, bu şəhidlik Azərbaycan və Türkiyə qardaşlığının ən gözəl örnəyidir.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkiyənin məşhur sənətçisi Ajda Pekkana şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Azərbaycana 9 il əvvəl səfər etdiyini xatırladan Ajda Pekkan Bakının çox dəyişdiyini, hədsiz gözəlləşdiyini və Bakıya heyran qaldığını söyləyib.