Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib

Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib



2017-ci ilin altı ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 6 uşaq (4 qız, 2 oğlan) övladlığa götürülüb.

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib.

O bildirib ki, uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib.

Uşaqlardan 3 nəfərinin Rusiya, digərlərinin isə müvafiq olaraq Türkiyə, Almaniya və Gürcüstan vətəndaşları tərəfindən övladlığa götürüldüyünü qeyd edən Dövlət Komitəsinin rəsmisi əlavə edib ki, uşaqlar 3-6 yaş arasındadırlar.

S. Məmmədov onu da qeyd edib ki, azərbaycanlı uşaqların yaşadıqları xarici dövlət tərəfindən 3 il ərzində, ildə 2 dəfə - 6 aydan bir olmaq şərti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hesabat göndəriləcək: “Hesabatlarda uşaqların inkişaf tərzi, mühitə uyğunlaşmaları, təhsili, davranışları və s. məsələlər öz əksini tapacaq. Hesabatlarda fotoşəkillər və 15 dəqiqəlik video-çarx da yer alacaq ki, biz bu formada uşaqlara nəzarət edəcəyik”.
Şərhlər
Sosial bölməsinin xəbərləri