6 yaşlı qızı gürzə öldürdü

Salyan rayonunda 6 yaşlı qızı gürzə sancdı. Rayon Mərkəzi Xəstəxanasında zəhər əleyhinə zərdabın olmaması balaca qızın ölümünə səbəb oldu. Cənub TV-nin verdiyi məlumata görə, hadisə iyulun 4-ü Salyan rayonunun Şəkərli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 6 yaşlı Gülnar Akif qızı Didarova böyük bacısı ilə birlikdə həyətdə oynayırmış. Anidən halsızlaşan balaca Gülnar həyətdəki çəlləyin yanında yerə yıxılıb.

Qızını ilanın sancmasından şübhələnən ata çəlləyin altına baxıb və orada gürzənin qıvrılaraq dayandığını görüb. Ehtimalında yanılmayan ata çəlləyin içindəki ağacla ilanın başını əzərək öldürüb. Gülnar Didarova dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir tərəfdən xəstəxanada zəhər əleyhinə zərdabın olmaması, digər tərəfdən də təcili yardım maşınının gec gəlməsi uşağın vəziyyətini daha da gərginləşdirib.

Balaca qızcığazın vəziyyəti ağır olduğundan o, Bakıya Tokiskologiya Xəstəxanasına göndərilib. 4 gün ölüm-dirim arasında mübarizə aparan 6 yaşlı qızın həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Yaxınları qızın ölümündə Salyanda həkimlərin günahkar olduğunu iddia edirlər. Rayon Mərkəzi Xəstəxanasında növbətçi həkim Azad Ağalarov xəstəxanada zəhər əleyhinə zərdabın olmadığını etiraf etsə də, azyaşlı qıza lazım olan tibbi yardım göstərildiyini bildirdi.
Şərhlər
Hadisə bölməsinin xəbərləri