Bakıda avtobusla "cip" toqquşdu, zərbə sürücünü yolun ortasına tulladı [Video]

Son vaxtlar Bakıda baş verən yol qəzalarında ölən və xəsarət alanların sayı artıb. Statistika göstərir ki, sərnişin avtobuslarının iştirakı ilə baş verən yol qəzalarının da sayı artmaqdadır. Bu yol qəzaları bəzən avtobus sürücülərinin, bəzən isə minik avtomobillərinin sürücüləri və ya piyadaların günahı ucbatından baş verir.

“Trend” sərnişin avtobuslarının iştirakı ilə baş verən yol qəzalarından bir neçəsinin videogörüntüsünü paylaşıb. Kadrlardakı ilk hadisə zamanı axşam saatlarında yüksək sürətlə hərəkət edən "cip" tipli minik avtomobili yolun əks istiqamətli hərəkət hissəsinə çıxaraq sərnişin avtobusu ilə toqquşur. Güclü zərbə minik avtomobilinin sürücüsünü avtomobildən tullayaraq yolun ortasına atır.

İkinci hadisə zamanı yenə axşam saatlarında Bakının "Azneft" meydanında minik avtomobili sağdan gələn sərnişin avtobusunu gözləmədiyindən onunla toqquşur.

Günorta saatlarında baş vermiş digər qəza zamanı isə avtobus taksi fəaliyyəti ilə məşğul olan minik avtomobili ilə toqquşur.

Qeyd edək ki, ötən son iki həftə ərzində (17.06.2013-30.06.2013) respublikanın avtomobil yollarında 80 yol-nəqliyyat hadisəsi baş verib, 53 nəfər ölüb, 119 nəfər xəsarət alıb.



Şərhlər
Hadisə bölməsinin xəbərləri