Xorvatiya parlamentinin spikeri: “Azərbaycanın ərazi bütövlüyü pozulub”

Bu gün Bakıda Xorvatiya Respublikasının Dövlətçilik Günü və Xorvatiyanın Avropa Birliyinə üzv qəbul olunması günü qeyd olunub. APA-nın məlumatına görə, mərasimdə Bakıda səfərdə olan Xorvatiya parlamentinin sədri İosip Leko da iştirak edib.

Mərasimdə Azərbaycan tərəfdən iştirak edən rəsmilərə isə Milli Məclisin sədri Oqtay Əsədov başçılıq edib.

Tədbirdə çıxış edən İ.Leko qeyd edib ki, ölkəsi ilə bağlı mühüm günün Azərbaycanda qeyd olunması ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. O buna görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib: “Bu bayramların Azərbaycanda qeyd olunması tarixi hadisədir. Xorvatiya Azərbaycana yeni diplomatlarını göndərməklə əlaqələri daha yüksək səviyyəyə qaldıracaq”. O qeyd edib ki, hər iki ölkənin oxşar cəhətləri var: “Hər iki ölkə keçmiş ittifaq üzvü olub və sonradan müstəqilliyini əldə edib, hər iki ölkə işğal faktorunu yaşayır. Mən Azərbaycana ərazi bütövlüyünü bərpa eləməyi arzu edirəm, çünki ərazi bütövlüyü pozulub”. Xorvat spiker deyib ki, Azərbaycanla Xorvatiya ötən 20 il ərzində güclü dostluq əlaqələrinin qurulmasına nail olub ki, bu da mütərəqqi haldır: “Hər iki ölkə bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir”.

Çıxış edən O. Əsədov da xorvatiyalı həmkarına və qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırıb.

Tədbir bədii hissə ilə davam edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri