Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş ikinci binanın açılış mərasimi keçirilib

Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş ikinci binanın açılış mərasimi keçirilib



Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına məlumat veriblər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı açılış mərasimində çıxış edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov media nümayəndələrinə göstərdiyi diqqətə və qayğıya görə dövlət başçısına minnətdarlıq edib. Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, bu binada 255 jurnalistə mənzil hədiyyə edilib. Onların arasında “APA Holding”in altı əməkdaşı da var.
Şərhlər
Siyasət bölməsinin xəbərləri