Peskov: "Lapşinin Rusiyaya ekstradisiyasını nəzərdən keçirmirik"

Peskov: "Lapşinin Rusiyaya ekstradisiyasını nəzərdən keçirmirik"



Bloqer Aleksandr Lapşinin Rusiyaya ekstradisiya olunması rəsmi Kremlin nəzərdən keçirdiyi mövzulardan deyil.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, Kremlin mövzusu deyil”, - deyə D. Peskov bildirib.

A. Lapşinin vəkili Eduard Çurkin onun Rusiyaya ekstradisiya olunmasını istisna etməyib.

Qeyd edək ki, Rusiya, Ukrayna və İsrailin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 318.2 (sərhədi qanunsuz keçmək) maddəsi üzrə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

A. Lapşinə qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri