Azərbaycan Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində, müvafiq olaraq, 3300 ha və 1500 ha olmaqla ümumilikdə 4800 ha sahədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı - "Qarabağ-Taxıl" MMC yaradılıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ərazidə dövlət əsaslı vəsaiti hesabına yeraltı qrunt sularının axıdılması və torpağın münbitliyinin artırılması məqsədilə kompleks meliorativ tədbirlər həyata keçirilib, ərazinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün Yuxarı Mil kanalının davamı olaraq ümumi uzunluğu 10,7 km olan beton örtüklü kanal çəkilib, taxılçılıq təsərrüfatının elektrik enerjisi ilə təmin olunması üçün 35/10 KVA-lıq "Xocavənd" yarımstansiyasından əraziyə 10,7 km uzunluğunda 2 dövriyyəli yüksək gərginlikli elektrik xətti çəkilib və təsərrüfatın ərazisindən keçərək ətraf əraziləri elektrik enerjisi ilə təmin edən köhnə xətlərin yeri dəyişdirilərək yolların kənarı ilə yeni yüksək gərginlikli elektrik xətləri çəkilib.
İnvestisiya layihəsinin ümumi dəyəri 27,6 milyon manat təşkil edir.
İdarə edilməsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən layihənin reallaşdırılmasına 10 milyon manat güzəştli kredit ayrılıb. Hazırda ərazidə yaradılmış taxılçılıq təsərrüfatının nəzdində tutumu 30 min ton olan müasir taxıl anbarı kompleksinin tikintisinə başlanıb və özəl aqroservis yaradılıb. Həmçinin, layihə çərçivəsində 1000 başlıq müasir heyvandarlıq kompleksinin, bitki yağları istehsalı zavodunun inşa olunması, eləcə də növbəli əkin sisteminin təmin edilməsi məqsədilə digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulur.
Bununla yanaşı, ərazidə ABŞ istehsalı olan süni yağışyağdırma üsulu ilə müasir suvarma sistemləri (pivot) quraşdırılıb ki, bu da suvarma suyuna qənaət edilməsinə, orta məhsuldarlığın ən azı iki dəfə artmasına, eləcə də torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və münbitliyinin artırılmasına şərait yaradır.
Eyni zamanda, əraziyə yüksək reproduksiyalı toxum gətirilərək 1875 hektar sahədə ərzaq buğdası, 2000 hektar sahədə yazlıq qarğıdalı, günəbaxan və soya səpini aparılıb. Bu ilin payızında isə bütövlükdə taxılçılıq təsərrüfatı üçün ayrılmış 4800 hektar sahədə ərzaq buğdası əkiləcək.
Elmi əsaslara söykənən yüksək aqrotexniki qaydalara uyğun əkinə hazırlıq, səpin, becərmə və itkisiz məhsul yığımının təmin edilməsi üçün əraziyə ABŞ-dan "John Deere" markalı müasir texnika və aqreqatlar, taxılbiçən kombaynlar gətirilib.
Azərbaycanda ilk dəfə olaraq belə böyük ərazidə yaradılmış özəl iri taxılçılıq təsərrüfatında 150-dək yerli sakin, o cümlədən məcburi köçkün daimi iş yeri ilə təmin olunub. Layihənin tam reallaşdırılması nəticəsində 400-dək yeni iş yeri yaradılacaq. Hazırda təsərrüfatda buğda biçini davam edir və hər hektardan orta hesabla 55-60 sentner məhsul əldə olunur. İstehsal olunan yüksək keyfiyyətli ərzaq buğdası Dövlət Taxıl Fonduna təhvil verilir.
Ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edən bu cür iri taxılçılıq təsərrüfatlarının ölkənin digər bölgələrində də yaradılması nəzərdə tutulur.