“Moody’s” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

“Moody’s” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib



Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası planı xarici kreditorlar tərəfindən qəbul edildikdən sonra “Moody’s” beynəlxalq reytinq agentliyi bankın reytinqlərinə yenidən baxaraq bəzi reytinqləri yüksəldib.

Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici və yerli valyutada uzunmüddətli depozit reytinqi “Caa2”-dən “Caa1” səviyyəsinə artırılıb. Xarici valyutada qorunmayan borclar reytinqi “Caa3” səviyyəsindən “Caa2”-yə qaldırılıb.

Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments - BCA) də “ca” pilləsindən “caa3” pilləsinə qədər yüksəlib. Eyni zamanda, qarşı tərəf kredit riski qiymətləndirməsi (CRA) “Caa1” (cr) səviyyəsindən “B3” səviyyəsinə yüksəlib.

Bankın uzunmüddətli depozit reytinqinə pozitiv proqnoz verilib.

Agentliyin açıqlamasında bildirilib ki, yeni reytinqlər restrukturizasiya planı üzrə səsvermənin 18 iyulda elan olunmuş nəticələrinə əsaslanır. Reytinqlərdə baş verən müsbət dəyişikliklər restrukturizasiya prosesi başa çatandan sonra bankın maliyyə durumunun yaxşılaşacağı ilə bağlı “Moody’s”in gözləntilərini əks etdirir. Agentliyin proqnozlarına görə, öhdəliklərin restrukturizasiyası planının bu şəkildə icrası bankın maliyyə dayanıqlığını, kapital mövqeyini gücləndirəcək və aktivlərinin keyfiyyətini yaxşılaşdıracaq. Öhdəliklərin könüllü restrukturizasiyası ilə yanaşı, problemli aktivlərin bankın balansından çıxarılması da aktivlərinin keyfiyyətinin yaxşılaşmasına kömək göstərəcək.

“Moody’s” ekspertlərinin rəyinə görə, problemli aktivlərin transferi bu ilin sonuna qədər başa çatacaq. Nəticədə, Bankın birinci dərəcəli kapitalının 13% ətrafında olması ehtimal edilir. Agentlik bankın 2018-ci ili mənfəətlə başa vuracağını gözləyir. Mənfəətlilik səviyyəsi, ölkənin makroiqtisadi durumundan da çox asılı olacaq.

“Moody’s” Azərbaycan hökumətinin böyük ehtimalla banka dəstəyi davam etdirəcəyini gözləyir. Bu gözlənti bankın səhmlərinin 95%-nin dövlətə məxsus olması, ABB-nin ölkənin ən böyük bankı olması və bank bazarındakı aktivlərin əhəmiyyətli hissəsini bölüşməsi kimi amillərlə əsaslandırılıb. Eyni zamanda, hökumətin bankda vəsait yerləşdirmiş əmanətçilərə və digər müştərilərə dəstək verdiyi xüsusi qeyd edilib. Belə ki, öhdəliklərin restrukturizasiyası prosesinin ABB-də depoziti olan müştərilərə heç bir təsiri olmayıb.

Rəydə o da göstərilib ki, restrukturizasiya planı başa çatdıqdan sonra “Moody’s” reytinqlərə yenidən baxacaq və gələcək durumuna uyğun olaraq bankın reytinqlərini yüksəldəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri