Mahmud Abbas: “Fələstin İsraillə əlaqələri bərpa etməyəcək”

Mahmud Abbas: “Fələstin İsraillə əlaqələri bərpa etməyəcək”



“Qüdsdə “Əl-Aksa” məscidinin girişində metal detektorların götürülməsinə baxmayaraq Fələstin İsraillə əlaqələri bərpa etməyəcək”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Fələstin prezidenti Mahmud Abbas deyib.

“Hər şey 14 iyul tarixindən əvvəlki vəziyyətə qayıtmayınca, heç bir dəyişiklik olmayacaq”, - deyə M.Abbas əlavə edib.

Onun sözlərinə görə, Fələstin ikitərəfli əlaqələrin bərpası məsələsinə yalnız İsrail hökumətinin “Əl-Aksa” məscidi ilə bağlı tətbiq etdiyi bütün yeni tədbirləri aradan qaldırmasından sonra baxacaq: “İsrailin bütün yeni tədbirləri ləğv edilməlidir. Qüdsdə vəziyyət yalnız o zaman normallaşacaq və biz ikitərəfli münasibətlər üzərində işimizi davam etdirəcəyik”.

Xatırladaq ki, ötən gün Qüdsdə “Əl-Aksa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb. Müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri