Moldova ombudsmanının həyat yoldaşı: ”Aureliya Qriqoriu təhdidlər səbəbilə İrəvanda qaldığı oteli tərk etməyə qorxur”
- 06.07.2013, 15:04,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Moldova ombudsmanı Auriliya Qriqoriu Ermənistan parlamentində çıxışından sonra İrəvanda təhdidlərə məruz qalıb, iş o yerə çatıb ki, o oteli tərk etməyə belə qorxur”. Bu açıqlamanı APA-ya Moldovanın ombudsmanı Aureliya Qriqoriunun həyat yoldaşı Dmitri Qriqoriu verib.
Onun sözlərinə görə, xanımı parlamentdə çıxış etdikdən sonra sosial şəbəkələrdə onun ünvanına çoxsaylı təhdidlər yağdırılır: “Aureliya bu gecə təyyarə ilə Moldovaya qayıtmalı idi. Lakin Moldova ombudsmanını nümayəndə heyətini aeroporta aparan avtomobilə mindirməyiblər. Bu xidməti göstərməkdən imtina ediblər. Dİgər nümayəndə heyətləri gedib, o isə oteldə qalıb. Dünən gecə ombudsmana qarantiya verilmişdi ki, o aeroporta aparılacaq və təhlükəsizliyi təmin olunacaq. Lakin gecə maşına götürməyiblər və o oteldə qalıb. Onun oteldə qeydiyyat müddəti saat yarım sonra başa çatır”.
Ombudsmanın həyat yoldaşı bildirib ki, hazırda Moldova Xarici İşlər Nazirliyi Ermənistana nota verməyə hazırlaşır, baş verənlərlə bağlı müxtəlif ölkələrin İrəvandakı səfirlikləri məlumatlandırılıb: “Biz onun müdafiə olunması üçün hansısa addımlar atmağa çalışırıq”.
Ailənin vəkili APA-ya bildirib ki, İrəvanda Moldova səfirliyi yoxdur, Aureliya Qriqoriu isə eyni zamanda Rumıniya vətəndaşıdır. Bu səbəbdən ailə ombudsmanın təhlükəsizliyinin təmin olunması xahişi ilə Rumıniyanın İrəvandakı səfirliyinə müraciət edib. Hələlik səfirlikdən bu müraciətə cavab verilməyib.
Xatırladaq ki, Molodova ombudsmanı Aureliya Qriqoriu Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda azərbaycanlılara qarşı soyqrımı törətməkdə günahlandırıb.