Elxan Məmmədov: “Biz də öz nağılımıza ümid edirik”

“Zirə” Avropa Liqasında yaxşı debüt etdi, inamla ikinci təsnifat mərhələsinə adladı. Təəssüf ki, ikinci mərhələdə təcrübəsizlik təsirini göstərdi”. Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib avrokuboklara qatılan klublarımız – “Zirə”, “İnter”, “Qəbələ” və “Qarabağ”ın çıxışına toxunub. Onun sözlərinə görə, UEFA-nın yeni yaradılmış klublar üçün avroliqalarda iştirakla bağlı 3 illik fəaliyyət müddəti limiti təsadüfi və əbəs deyil: “Bu, təkcə klubun stabilliyi üçün deyil, eyni zamanda, kiçik bir tarixin yazılması fonunda təcrübə toplanması, özünəinam yaranması və o qədər də böyük olmasa belə, azarkeş bazasının formalaşması üçün vacib amildi. “Dalğa Arena”nın tribunalarının, demək olar ki, 60 faiz dolmasını izləmək xoş təəssürat yaradırdı. Ümidvaram ki, Avropa Liqasındakı çıxışı klubun gələcək inkişafı üçün əlavə impulslar verəcək”.

“İnter”ə gəlincə, Məmmədovun fikrincə, bu komanda hamını təəccübləndirməkdə davam edir: “Sirr deyil ki, klubu hazırda AFFA maliyyələşdirir, klubun rəhbəri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, icraçı direktoru isə AFFA-nın artıq sabiq hüquqşünasıdı. İlkin mərhələdəki inamlı qələbə və Lüksemburqda uğursuzluq. Çox təəssüfləndirici məqamdı. Amma digər təəssüf doğuran məqam üzərində transfer qadağası olduğu dövrdə vacib futbolçunun klubu tərk etməsidi. Bu, bəlkə də ehtiyat oyunçular skamyasında əyləşən hansısa gənc futbolçunun Premyer Liqada uğurlu çıxışına təkan verəcək bir məqam da ola bilər. Bu ssenari mənə dərhal 1990-cı ildə keçirilmiş dünya çempionatında Argentina millisinin qapıçısı Neri Pumpidonun ilk oyunda zədələnməsini və onu əvəzləyən Serxio Qoykoçeanın sonradan dünyanın ən yaxşı qapıçısı olaraq komandasını finala çıxarmasını xatırladır. Biz də özümüzün “Serxio Havyer Qoykoçea” nağılımıza ümid edirik”.

Məmmədov vurğulayıb ki, “İnter” Premyer Liqadakı rəqiblərini hansı stadionda qəbul etmək məsələsinin həllinə çalışır. Yəqin ki, tezliklə klubun adı da dəyişəcək.

“Qəbələ” haqda danışan assosiasiya rəsmisi bildirib ki, komanda sona qədər mübarizə apardı. Amma “Panatinaikos”un keçmiş günlərinə qayıtdığını qeyd etmək lazımdır: “Komanda sürət baxımında xeyli “artırmaq”la yanaşı, futbolçular arasında anlaşmanın yüksəldiyi də hiss olunur. Sol cinah müdafiəçisi Hult fiziki hazırlığına görə sözün yaxşı mənasında təəccübləndirməyi bacardı. “Qəbələ” xarakter göstərərək rəqib qapısına yol tapmaqla bizi ümidləndirdi. Unutmayaq ki, “Qəbələ” gənc klubdu, bununla belə, qısa müddət ərzində avrokuboklarda özünü yaxşı tərəfdən göstərə bilib. Gənclərdən ibarət milli komandaların heyətində “Qəbələ” klubunun yetirməsi olan futbolçuların sayı az deyil. Klub inkişafını bu tərzdə davam etdirsə, avrokuboklarda bizi hələ çox sevindirə biləcək. 8-ci km qəsəbə stadionunun tribunalarını dolu görmək çox xoş oldu. Klubu dəstəkləyən azarkeşlərə yalnız “Əhsən!” demək olar”.

“Qarabağ”ın çıxışına toxunan Məmmədov vurğulayıb ki, nəhayət, Çempionlar Liqasının himnini stadionda canlı izləmək hamını arzusudu: “Qarabağ dərdimizdi, bu ifadə bizə qarşı ədalətsiz davranışla assosiasiya olunur, amma eyni zamanda sevinc göz yaşlarımızdı. Çempionlar Liqasının himnini stadionda canlı olaraq dinləmək hər bir azarkeşin arzusudu. Nəhayət, bu, gerçəkləşəcək. UEFA-nın Əsasnaməsinə uyğun olaraq, Çempionlar Liqasının pley-off mərhələsində stadionda turnirin himni səslənməlidi. Gəlin, bu melodiyanın səsini artıraq... Qarşımızda duran son maneəni də adlaya bilsək, Georq Fridrix Hendelin bu möhtəşəm əsərini, ən azı, ilin sonuna qədər dinləyə biləcəyik.

“Qarabağ”ın əsas heyətinin 5-6 futbolçusunun yerli, eyni zamanda, Azərbaycan milli komandasının üzvü olması bizi ikiqat sevindirir. Onlar hər oyunda, xüsusilə
Elxan Məmmədov: “Biz də öz nağılımıza ümid edirik”



beynəlxalq qarşılaşmalarda əlavə təcrübə qazanırlar. Bu futbolçular belə oyunlarda böyük klubların seleksiyaçılarının da diqqətini cəlb edə bilər.

Futbolda bəzən yaxşı oyunu həm də bəxt, uğur müşayiət etməlidi. Ümid edirəm ki, bəxt bizim tərəfimizdə olacaq. Və əlbəttə ki, komandanın üzvləri bu uğuru gətirmək üçün əlindən gələni etməlidi”

Məmmədov sonda qeyd edib ki, bəzən uğur üçün vacib olan elementi lazımınca qiymətləndirmirik: “Mən bunu şəxsi praktikamda – UEFA İcraiyyə Komitəsi üzvlüyünə seçilə bilmək üçün lazım olan bir neçə səsi toplaya bilməyəndə – hiss etmişəm. Amma bu, tamamilə başqa bir söhbətin mövzusudu və yəqin ki, nə zamansa bu barədə də yazacağam...”.









APA
Şərhlər
İdman bölməsinin xəbərləri