"Fitch": Restrukturizasiya planı ABB-nin sağlamlaşdırılması üçün yetərli olmaya bilər
- 05.08.2017, 15:25,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Manatın devalvasiyanın düzgün şəkildə aparılmaması hələ də Azərbaycan iqtisadiyyatına təsirini göstərməkdədir. APA xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin mütəxəssisləri hesab edir ki, Azərbaycanda aparılan pul-kredit siyasəti MDB-nin digər neft istehsalçısı olan ölkələrlə müqayisədə zəifdir.
"Fitch" qeyd edir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası dövlət bankının reputasiyasına xələl gətirib və onun sağlamlaşdırılması üçün yetərli olmaya bilər.
Məlumatda həmçinin deyilir ki, Azərbaycanın "təhlükəsizlik yastığı" hələ də güclü olaraq qalır. Belə ki, iyunun sonuna Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivləri 34,8 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı ilin sonuna olan ÜDM-in 88%-nə bərabərdir. "Fitch" hesab edir ki, ABB-nin restrukturizasiya planına əsasən buraxılacaq bondlar ölkənin borclanmasını artıracaq. Buna baxmayaraq, analitiklərin fikrincə, ABB-nin restrukturizasiya planı ARDNF-nin aktivlərinin qorunmasına yönəlib. "ARDNF-nin aktivləri makroiqtisadi sabitliyin bərpa olunmasında olduqca vacib rol oynayır", - deyə məlumatda vurğulanıb.
"Fitch" bildirib ki, 2013-cü ildən etibarən dövlət tərəfindən ABB-yə verilən dəstək 2016-cı ilin ÜDM-nin 27%-nə bərabər olub: "ABB-nin güclənməsi ölkə iqtisadiyyatına dəstək verə bilər. Lakin cari restrukturizasiya planının bankın sağlamlaşdırılması üçün yetərli olub-olmayacağına əmin deyilik. İyunun sonuna bank sektorunun kredit portfelində problemli kreditlərin çəkisi 24%-dir. Kapital adekvatlığı isə 11,8% təşkil edir. "Fitch" dövlət tərəfindən bank sektorunun bir sıra iştirakçılarına müvafiq kapital dəstəyinin veriləcəyinə əmin deyil".