Bakıya gətirilən bu işıqforlarla bağlı məlumat
- 14.08.2017, 18:19,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətinin təşkili üçün bir sıra yeniliklərin tətbiq edilməsi gözlənilir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev Trend-ə deyib ki, “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda piyada keçidləri, pandus, işıqforlar, yol nişanları ilə bağlı, ümumilikdə piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətinin təşkili ilə bağlı tətbiq edilən bütün yeniliklər şəhərin digər küçə və prospektlərində də tətbiq ediləcək.
M.Ağayev bildirib ki, fiziki imkanları məhdud şəxslərin şəhərin küçə və prospektlərində rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılacaq.
Onun sözlərinə görə, bununla bağlı iş aparılır: “Şəhərin mərkəzi hissəsini əhatə edən 5 rayonun bütün küçələri təhlil edilib və müəyyənləşdirilib ki, həmin küçələrdə panduslar çox az saydadır və hətta yox səviyyəsindədir. Artıq həmin küçələrdə pandusların harada quraşdırmaq lazım olduğu da müəyyənləşdirilib. Bu layihə artıq hazırdır. Yaxın zamanlarda reallaşdırılmasına başlanılacaq”.
Qeyd edək ki, “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 17 ədəd piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada işıqforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün xəbərdaredici məlumatlar yazılıb. Hərəkətin təhlükəsizliyi nəzərə alınaraq işıqfor dirəklərində də 3 dildə (Azərbaycan, rus və ingilis) xəbərdaredici məlumat lövhələri quraşdırılıb.
Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi üçün piyada keçidlərində ümumilikdə 34 ədəd pandus qoyulub. İlk dəfə olaraq məhz burada bəzi piyada keçidlərində yalnız sarı xəbərdaredici işığı olan svetofor quraşdırılıb. Ümumilikdə, ərazidə 44 ədəd svetofor obyekti quraşdırılıb. Bu svetoforların 8-i xüsusi sensorla təchiz edilib. Belə svetoforlar eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulub. Belə ki, piyada əllə sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər.
“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 8 ədəd avtobus dayanacaq pavilyonu da qoyulub. Bu dayanacaqdakı məlumat lövhələri də yeni tərtibatda dizayn edilib. Lövhədə dayanacaq məntəqəsinin ünvanı, ordan keçən marşrut xətləri ilə bağlı məlumatlar öz əksini tapıb.